Fərid Şəfiyev: “İmperiya təkəbbürü Rusiyanın Azərbaycandan üzr istəməsinə imkan vermir” - MÜSAHİBƏ

Bu gün Bakı ilə Moskva arasında münasibətlərdə müşahidə olunan gərginlik Rusiya tərəfinin təşəbbüsü ilə baş verib.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycanın Kanada və Çexiyadakı keçmiş səfiri Fərid Şəfiyev deyib.
“Rusiya tərəfinin SOCAR-ın Ukraynadakı neft bazalarına hücumları təbii ki, təsadüfi deyil. Mən hətta deyərdim ki, bu, Azərbaycana xüsusi siqnaldır, mesajdır. Bunlar Moskvanın düşünülmüş hərəkətləridir", - o vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi 2024-cü il dekabrın 25-də AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qroznı səmasında vurulması ilə başlayıb.
“Bakı ilə Moskva arasında indiki gərginlik Azərbaycan mülki təyyarəsi ilə bağlı insidentlə başladı. Azərbaycan tərəfi isə kifayət qədər təbii olaraq qanuni qaydada üzr istənilməsini və təzminat tələb etdi.
Rusiya sadəcə olaraq üzr istəmək və məsələni həll etmək mümkün olduğu halda, gərginlik səviyyəsini qaldırır. İmperiya təkəbbürü Rusiyanın üzr istəməsinə imkan vermir", - keçmiş səfir vurğulayıb.
Şəfiyev qeyd edib ki, Azərbaycan təyyarəsinin və SOCAR-ın Ukraynadakı neft bazalarının vurulmasından əlavə Moskva tərəfindən bir neçə təxribat olub.
“Bu insidentlər arasında bir neçə hadisə də baş verib. Həm də təkcə iyulun 28-də iki azərbaycanlının öldürüldüyü Yekaterinburqda deyil. Fevral ayında Azərbaycanın dövlət qurumlarına və saytlarına kütləvi kiberhücum olub", - diplomat bildirib.
Onun sözlərinə görə, Moskva Bakını günahlandırmaq üçün müxtəlif hiylələrə əl atır.
“Vurğulamaq istəyirəm ki, Rusiyada təkcə mediada və ya ekspert məkanında deyil, hətta diplomatik səviyyədə belə bir fikir inkişaf edir ki, Azərbaycan Britaniyanın ardınca gedir.
Bu, rusiyalı mütəxəssislərin sevimli mövzusudur. Britaniya sptur kimidir. Moskva Qərblə Rusiya arasında geosiyasi mübarizənin getdiyini vurğulayır. Və Azərbaycan indi, sanki, bu mübarizənin elementinə çevrilir", - Şəfiyev qeyd edib.
“Xatırlayaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi 2024-cü ilin dekabrında deyil, 2022-ci ildə başlayıb. Rusiya ilə Qərb arasında gərginlik 20 ildən çoxdur davam edir. Üstəlik, bütün bunlar 2014-cü ildən bəri daha da kəskinləşib. Azərbaycan isə bu mübarizədə iştirak etməyib. Bundan başqa, 2022-ci ilin fevralında Azərbaycan Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıb.
Əgər münasibətlərimizdən danışsaq, bütün tarixi və çox mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, Azərbaycan həmişə Rusiyanın bu regionda geosiyasi maraqlarını nəzərə alıb. Qoşulmama statusumuz da qismən Moskvada müəyyən narahatlıqların olması ilə bağlı idi. Təəssüf, tarix göstərir ki, Rusiya bunu qiymətləndirmir”, - Şəfiyev vurğulayıb.
Rasim Babayev