AŞPA yenə ikili standartlardan əl çəkmir, Azərbaycan və Gürcüstana qarşı qərəz davam edir - TƏHLİL

Demokratiyanın, insan haqlarının və qanunun aliliyinin möhkəmləndirilməsi platforması kimi yaradılan Avropa Şurası Parlament Assambleyası (AŞPA) son illərdə öz missiyasından uzaq düşərək getdikcə daha çox tənqid hədəfinə çevrilir. Qurumun qərəzli yanaşması Cənubi Qafqaz ölkələrindən, konkret olaraq Azərbaycan və Gürcüstandan da yan keçməyib. Sözügedən region ölkələrində AŞPA-nın obyektiv və balanslı mövqe əvəzinə, Azərbaycana, eləcə də Gürcüstana qarşı yönəlmiş ikili standartlar və təzyiq siyasəti yeritməyə çalışması özünü qabarıq şəkildə büruzə verir. Bu hal AŞPA-nın, ümumən Avropa Şurasının məqsədlərini və qərəzsiz beynəlxalq təşkilat olmasını böyük sual altına alır.
Qeyd edilməlidir ki, hələ ötən ilin yanvarında keçirilən qış sessiyasının ilk iclasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənməyib. Ölkəmizə qarşı çıxan qüvvələrin, o cümlədən erməni lobbisinin təsiri altında olan alman deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin dəstəklənməsi münasibətlərdə ciddi böhrana yol açdı. Baş verən ədalətsizliyə cavab olaraq Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq AŞPA-nı tərk edib. Ötən dövr ərzində bunun ən çox zərərini elə AŞPA-nın özü görüb.
Azərbaycanla yanaşı, AŞPA qonşu Gürcüstana münasibətdə də qərəz və ədalətsizliyə yol verməkdə davam edir. AŞPA-nın 51 üzvünün birgə bəyanatında deyilir ki, “əgər Gürcüstan avtoritar kursunu dəyişməkdə irəliləyiş əldə edə bilməsə, biz mühüm əsaslarla Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə etiraz edəcəyik və Assambleyanı, Nazirlər Komitəsini Gürcüstanın xaric edilməsi prosesinə başlamağa çağıracağıq”. Sənəddə qeyd olunur ki, 29 yanvar 2025-ci il tarixində Parlament Assambleyası Gürcüstanın 2025-ci ilin aprel ayına kimi demokratik standartlara cavab verməsi şərti ilə bu ölkənin nümayəndə heyətinin etimadnaməsini təsdiq edən qətnamə qəbul edib: “Əvəzində vəziyyət kəskin şəkildə pisləşib. Müxalifətin yüksək səviyyəli liderləri həbs edilib. Vətəndaş cəmiyyəti fəalları və jurnalistlər siyasi motivli cinayət təqibi ilə üzləşiblər. Bu, artıq tək-tək hadisələr deyil, demokratik müxalifətin aradan qaldırılması, ifadə azadlığının məhdudlaşdırılması və vətəndaş cəmiyyətinin sıxışdırılması istiqamətində aparılan davamlı kampaniyadır. Repressiya Gürcüstanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri pozur və Assambleyanın mandatına ziddir”. Bəyanat müəllifləri bu kontekstdə Gürcüstanı AŞPA-dan, eləcə də Avropa Şurasından çıxarmaqla hədəyiblər.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa bürokratları AŞPA-da Gürcüstan nümayəndə heyətinin işini dayandırmağı tələb etməklə bir daha absurd yanaşma sərgiləyiblər. Çünki gürcü nümayəndə heyəti onsuz da AŞPA-da işini dayandırıb: “Biz artıq öz qərarımızla AŞPA-nın fəaliyyətində iştirakımızı dayandırmışıq. Belə bir şəraitdə Avropa bürokratiyasının nə qədər mürəkkəb olduğunu özünüz də görürsünüz. Onlar bizim öz əlimizlə artıq dayandırdığımız statusun dayandırılmasını tələb edirlər. Təəssüf ki, Avropa bürokratiyası tam absurd mövqedədir, Avropanın müvafiq siyasətçiləri isə absurdluq içərisində itib-batırlar”. Bir daha xatırlatmaq lazım gəlir ki, cari il yanvarın 29-da AŞPA-da müəyyən şərtlər, o cümlədən Gürcüstan parlamentinə növbədənkənar seçkilərin təyin edilməsi şərti ilə gürcü nümayəndə heyətinin mandatının tanınmasına səs verilib. Buna cavab olaraq, elə həmin vaxt Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağıraraq Assambleyada fəaliyyətdən imtina edib.
Bütün bunlar fonunda Azərbaycan və Gürcüstan AŞPA-nın fəaliyyətində aşkar ikili standartın olduğunu açıq mətnlə bəyan edirlər. Assambleya bir tərəfdən Bakı və ya Tiflisə münasibətdə əsassız yanaşma nümayiş etdirir, digər tərəfdən ciddi problemlərin qeydə alındığı Avropa ölkələrinə qarşı susqunluq nümayiş etdirir. Məsələn, bir sıra Avropa ölkələrində ksenofobiya, miqrantlara və etnik azlıqlara qarşı ayrı-seçkilik halları getdikcə geniş vüsət alır. Fransanın nümunəsində bunu görmək mümkündür. Lakin bu faktlar AŞPA-da demək olar ki, müzakirə predmetinə çevrilmir. Bu cür ayrı-seçkilik quruma inamı sarsıdır, onun artıq qüsurlu olan beynəlxalq imicini daha çox zədələyir. Bu, xüsusilə AŞPA-da səsvermə zamanı nəzərə çarpır: ənənəvi olaraq Azərbaycan və Gürcüstana dost olmayan ölkələr bloku Cənubi Qafqaz dövlətlərinin mövqeyinə məhəl qoymadan ardıcıl olaraq qərəzli sənədləri, qətnamələri təbliğ edir.
Bu vəziyyətdə AŞPA-nın anti-Azərbaycan və anti-Gürcüstan siyasəti təkcə təşkilatın Cənubi Qafqazla münasibətlərinə deyil, bütövlükdə onun reputasiyasına mənfi təsir göstərir. Azərbaycan dəfələrlə AŞPA-nın iş prinsiplərinə yenidən baxılmasının zəruriliyi ilə bağlı məsələ qaldırıb. Gürcüstanda da AŞPA-nın getdikcə daha çox müəyyən siyasi dairələrin sifarişi ilə hərəkət etməsi barədə fikirlər səslənir. Bu tendensiya ümumilikdə Qərb təsisatlarına inamı azaldır, insan haqları və demokratiyanın ümumbəşəri dəyərlər kimi deyil, təzyiq aləti kimi istifadə olunması fikrini gücləndirir.
Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan və Gürcüstan öz maraqlarının təşviqi üçün beynəlxalq platformanın vacibliyini qəbul edirlər. Onların hər ikisi Avropa Şurasının üzvü olaraq qalmaqda davam edirlər. Lakin AŞPA-nın qərəzi fonunda ölkələr Avropa Şurasını tərk etməyə də hazırdırlar. Avropa Şurasının isə öz nüfuzunu və göstərilən etimadını qoruyub saxlaması üçün qurumda, xüsusən də AŞPA-nın işində ciddi islahatlar aparması zəruridir. İlk növbədə, bütün üzv ölkələr üçün bərabər şəraitin təmin edilməsi və ikili standartlar siyasətindən imtina edilməsi lazımdır.
İndilikdə isə real mənzərə budur ki, AŞPA-nın anti-Azərbaycan və anti-Gürcüstan siyasəti bütün Cənubi Qafqaz regionu üçün ciddi çağırışdır. Bu, qeyd olunduğu kimi ümumilikdə Avropa Şurasına etimadı sarsıdır, bərabərlik və hörmətə əsaslanan dialoqa mane olur. Vəziyyəti dəyişmək üçün AŞPA ayrı-seçkilikdən, siyasi manipulyasiyadan əl çəkməli, ayrı-ayrı dövlətlərin və ya lobbi qruplarının maraqlarına istinad etmədən özünün ilkin prinsiplərinə qayıtmalıdır. Əks halda qurumun bu gedişlə fəaliyyətinə hər hansı ehtiyac qalmayacaq və daha çox sayda üzv burada iştirakdan imtina edəcək.
MTM Analitik Qrupu