Vaşinqton bəyannaməsi erməni diasporunu narahat edir - ŞƏRH

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. Bu bəyannamə dünyanın bir sıra ölkələri tərəfindən alqışlandı. Çünki Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallıqların ortaya çıxması, sülhə doğru daha qəti bir addım, kommunikasiyaların blokdan çıxması deməkdir. Bu sənəd iki ölkə arasında münasibətlərin normallaşması, regionun inkişafı, iqtisadi əlaqələrin artımı deməkdir.
Təbii ki, bu tendensiya Ermənistan müxalifəti və erməni diasporunun planlarına uyğun deyil. Çünki son beş il ərzində müxtəlif yollarla və təzyiqlərlə sülhü sabotaj edən, hadisələri ləngidən məhz bu qüvvələr olub. Onların məqsədi iki ölkə arasında münasibətlərin normallaşmasının qarşısını almaq, Ermənistanın iqtisadi inkişafını ləngitmək, xarici ağaların sifarişlərini yerinə yetirmək, Baş nazir Nikol Paşinyanı devirərək, revanşist qüvvələri hakimiyyətə gətirməkdir.
Amma Vaşinqtonda imzalanan bəyannamə həm diaspor, həm də erməni müxalifəti üçün tərs sillə oldu. Bu səbəbdən də tərəflər vəziyyəti dəyişmək üçün hərəkətə keçiblər. Məsələn, amerikalı hüquqşünas Robert Amsterdamın İrəvana təcili səfərinə bu səpkidən yanaşmaq lazımdır. Respublikaçılar Partiyasına, dolayısı ilə Serj Sarkisyana yaxınlığı ilə tanınan hüquqşünas iş adamı Samvel Karapetyan və kilsə ilə bağlı məsələlər üçün səfər edib. Amsterdam iddia edir ki, Ermənistan hakimiyyəti onu ölkəyə buraxmamaqla hədələyib və indi hökumət onunla görüş keçirməyə hazır deyil. Vəkilin sözlərinə görə, görüş keçirilməyəcəyi təqdirdə, amerikalılar erməni diasporu ilə işləyəcək və beynəlxalq təşkilatlara müraciət edəcəklər.
Amerikalı vəkilin səfərini erməni diasporunun Vaşinqton bəyannaməsindən narazılığı ilə izah etmək olar. Çünki Karapetyan ailəsi və kilsə məsələsi Paşinyana və erməni hökumətinə qarşı əlavə təzyiq rıçaqı kimi istifadə edilə bilər. Təsadüfi də deyil ki, Amsterdamın səfəri ilə paralel olaraq, Karapetyan ailəsi yeni məhkəmə iddiası üzərində işləyir. Çox güman ki, yaxın günlərdə Apostol Kilsəsi də baş nazirə qarşı hansısa addımları atacaq və ya bəyanat səsləndirəcək.
Görünən odur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması bir sıra xarici qüvvələri də narahat edib. Artıq diaspor hərəkətə keçib və Amsterdamın simasında çirkin planlarına start verib.
Hikmət Həsənov