11 avqust

Vaşinqton razılaşması: Revanşizm tarixə qovuşur - TƏHLİL

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması, dayanıqlı sülhün reallığa çevrilməsi istiqamətində atılmış qətiyyətli addım kimi qiymətləndirilir. Bu sənəd təkcə iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoyulması deyil, həm də Ermənistanda ictimai düşüncəni zəhərləyən köhnə ideoloji qəliblərin, revanşist mövqelərin tam iflası deməkdir.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan daxilində və diaspor çevrələrində səsləndirilən “gələcəkdə hər şeyin dəyişəcəyi”, “revanş üçün hazırlıq” kimi iddialar artıq cəmiyyətin mühüm bir hissəsi tərəfindən qeyri-ciddi qəbul edilir. Bu, Ermənistan siyasi elitasında realizmin güclənməsi, populist ritorikanın isə zəifləməsi deməkdir.

Postmüharibə dövründə Ermənistanda Azərbaycanla sülh məsələsinə münasibət birmənalı olmayıb. Bununla belə, Qarabağdakı separatçı rejimin devrilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, sonrakı mərhələdə əldə olunmuş ikitərəfli razılaşmalar və nəhayət, avqustun 8-də Vaşinqtonda imzalanmış rəsmi sənədlər Ermənistan cəmiyyətində sülh ovqatını gücləndirib, radikal-revanşist qüvvələrin mövqelərinə ağır zərbə vurub. Media və sosial şəbəkələrdən görünür ki, Ermənistan cəmiyyəti sülh istiqamətində atılan addımları müsbət qarşılayır və uzunmüddətli qarşıdurmanın ölkə üçün iqtisadi gerilik, siyasi təcrid və regional əlaqələrdən kənarda qalmaq kimi nəticələr verdiyini etiraf edir.

Nikol Paşinyan hakimiyyəti bu razılaşma ilə həm beynəlxalq səviyyədə sülhün alternativinin olmadığını təsdiqləyib, həm də qarşıdakı seçkilər öncəsi siyasi rəqiblərinə qarşı üstünlüyünü möhkəmləndirib. Birgə Bəyannamənin imzalanması, Yekun Sülh Sazişi layihəsinin paraflanması, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp sülh yolu”nun (TRIPP) reallaşması istiqamətində iradə nümayişi erməni cəmiyyətinə konkret nəticələr vəd edir.

Birgə Bəyannamədə qisasçılığın və güc tətbiq etməyin yolverilməzliyi barədə müddəanın yer alması hüquqi-siyasi baxımdan gələcəkdə hər hansı revanşist addımın qarşısına sipər çəkir. Gələcəkdə Ermənistanda hakimiyyətə hansı siyasi qüvvə gəlməsindən asılı olmayaraq, bu razılaşmalardan imtina hüquqi və diplomatik baxımdan mümkün görünmür.

Razılaşma təkcə yekun sülh sazişinə zəmin yaratmır, həm də iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlərin bərpasına, regional inteqrasiyaya yol açır. Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn prinsipləri əsasında yeni münasibətlər qurulur, infrastruktur layihələri gündəmə gəlir. Prezident İlham Əliyevin “Biz qarşıdurma səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik” sözləri də bu yolun siyasi mesajıdır.

Beynəlxalq ictimaiyyət də əldə olunan razılaşmaları dəstəkləyir. Dünyanın 30-dan çox dövləti və aparıcı beynəlxalq təşkilatlar Vaşinqton razılaşmalarını alqışlayaraq, regionda sülhün bərqərar olmasına maraqlı olduqlarını bildiriblər. Bu, Ermənistanın radikal qüvvələrinə də siqnal verir ki, prosesdən imtina cəhdləri beynəlxalq müstəvidə sərt reaksiyaya səbəb olacaq.

Ümumilikdə, 8 avqust razılaşmaları regionun gələcəyini müəyyən edəcək strateji yol xəritəsidir. Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik səhifəsi bağlanır, əməkdaşlıq mərhələsi başlayır, revanşizm isə tarixə qovuşur.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?