Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

5 Avqust ölkəmizdə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.
Təhlil.az xəbər verir ki, bu əlamətdar tarix 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilib və bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçdiyi zəngin və şərəfli yolun təntənəsi kimi qəbul olunur.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əsası 1919-cu ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. İngilislərin Bakıdan çıxmasından sonra Xəzərdəki hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verildi və bu, ilk milli donanmanın formalaşmasına yol açdı. Donanmanın tərkibində “Ərdahan” və “Kars” kanoner gəmiləri, “Astrabad”, “Araz”, “Göytəpə”, “Nargen” və “Oryol” xidmət gəmiləri, müxtəlif döyüş katerləri və dəniz aviasiyası dəstəsi yer alırdı.
Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə güclü hərbi donanmanın formalaşdırılması prosesi yarımçıq qaldı.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan, Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması istiqamətində addımlar atdı. 1992-ci il iyulun 26-da “Bakılı” gəmisində ilk dəfə olaraq Azərbaycan Respublikasının üçrəngli bayrağı qaldırıldı və bu tarix müasir Hərbi Dəniz Qüvvələrinin başlanğıcı kimi yadda qaldı.
Donanma beş divizion və sahil bölmələri ilə təşkil olundu, müşahidə postları və mayaklar bərpa edildi. Dənizçilərdən ibarət tabor Qarabağ cəbhəsinə göndərilərək Ağdam-Tərtər istiqamətində düşmən hücumunun qarşısını almaqda iştirak etdi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında qəhrəmanlıq göstərdilər. Onlardan 9 nəfər şəhid oldu, 50-si yaralandı. 3 hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycan Hərbi Dəniz Qüvvələri Türkiyə və ABŞ-la birgə təlimlərdə iştirak edib. 2000-ci ildə Türkiyədən Azərbaycana hədiyyə olunan P-223 kateri 2345 dəniz mili məsafə qət edərək Bakıya çatdırıldı. 2023-cü ildə Qazaxıstanla “Xəzri-2023”, 2024-cü ildə isə “Birləşdik-2024” təlimləri keçirilib.
2005-ci ildən etibarən HDQ gəmiləri Rusiya ilə qarşılıqlı səfərlərdə iştirak edir. 2015-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qaradağ rayonunda müasir hərbi dəniz bazası inşa olunub. Bu baza qərargah, yaşayış kompleksi, sosial-məişət şəraiti və texniki təminat baxımından yüksək standartlara cavab verir.
Hərbi Dəniz Qüvvələrinin bu günkü səviyyəyə çatması Azərbaycanın dənizlərdəki təhlükəsizliyini təmin etməklə yanaşı, onun beynəlxalq hərbi əməkdaşlıqdakı rolunu da gücləndirir. 5 Avqust Hərbi Dəniz Qüvvələri Günü təkcə bir peşənin deyil, bütövlükdə dövlət suverenliyimizin dənizlərdəki rəmzinin qeydidir.