Politoloq: “Moskva Azərbaycanın müstəqil siyasətinə dözə bilmir” - RƏY

“Rusiya rəhbərliyi Azərbaycanın suveren və müstəqil siyasət yürütməsini bağışlaya bilmir”.
Bu fikirləri Təhlil.az saytına açıqlamasında “Поистине” layihəsinin rəhbəri, politoloq Ruslan Aysin bildirib.
Onun sözlərinə görə, Moskva Azərbaycanın üzərində ciddi təsir rıçaqlarına malik olmadığını dərk etdikcə, qəzəbli və aqressiv davranışlar nümayiş etdirir:
“Rusiya hazırda “saman çöpündən yapışmağa” çalışır. O, çox yaxşı başa düşür ki, artıq Azərbaycan üzərində real təsir imkanları yoxdur. Buna görə də əsəbiləşir, reallıqla barışmaq istəmir”.
Aysin, həmçinin Xankəndində Aivazovskinin abidəsinin sökülməsi məsələsinə toxunaraq qeyd edib ki, Moskva yalnız lazım bildiyi hallarda “həssaslıq” nümayiş etdirir, amma Qarabağda baş verən vəhşiliklərə göz yumur:
“O zaman məscidlər donuz tövləsinə çevrilirdi, yüzillik dini abidələr qəsdən təhqir olunurdu. Amma Rusiya susurdu. İndi isə Ayvazovskinin heykəlinin sökülməsi bəhanə edilir. O böyük sənətkardır, amma Qarabağ və Azərbaycanla nə əlaqəsi var? İstəyirlərsə, Moskvada Ayvazovski küçəsində 10 abidə ucaltsınlar”.
Ekspert hesab edir ki, Aivazovskinin Xankəndindəki abidəsi mədəni yaddaşla yox, Rusiyanın geosiyasi ambisiyaları ilə bağlıdır:
“Bu heykəl sadəcə bir abidə deyil. Bu,Rusiyanın orada mövcudluğunu siyasi cəhətdən təsdiqləməyə yönəlmiş addım idi. Amma hər kəs anlayır ki, bunun Ayvazovskinin xatirəsi ilə heç bir əlaqəsi yoxdur”.
Ruslan Aysin Rusiyada Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan diaspor nümayəndələrinə qarşı artan təzyiqləri də diqqətə çatdırıb:
“Rusiyada müsəlman xalqlarına qarşı linqvosid və mədəni soyqırım siyasəti həyata keçirilir. Dillərimiz, kimliyimiz məhv edilir. Rusiya nəinki bu prosesə göz yumur, özü də bu siyasətin iştirakçısıdır”.
O qeyd edib ki, Azərbaycan Xankəndindəki Aivazovski abidəsinin sökülməsi ilə tamamilə haqlı bir addım atıb:
“Bu, suveren bir ölkənin ərazisində qanunsuz tikinti idi. Bütün məsələnin mahiyyəti bundan ibarətdir. Qalan hər şey Mariya Zaxarovanın ritorikasını xatırladan mənasız fərziyyələrdir”.
Politoloq Moskvanın regionda hələ də “güc dili” ilə danışmağa çalışdığını və bunun artıq keçmişdə qaldığını vurğulayıb:
“Rusiya artıq regional cazibə mərkəzi deyil. Keçmiş SSRİ-nin cəlbedici diskursunu davam etdirmək imkanını da itirib. Azərbaycan artıq əvvəlki kimi deyil və özünə qarşı belə münasibətə dözməyəcək”.
R. Aysin əlavə edib ki, Rusiyanın zəifləməsi həm də daxili proseslərdən qaynaqlanır:
“Rusiyada demoqrafik vəziyyət kəskin şəkildə pisləşir, əhali azalır. Əvəzində Orta Asiya və Azərbaycanda doğum səviyyəsi artır. Moskva buna qarşı ksenofob siyasət yürüdür. Halbuki əmək miqrantlarına ehtiyacı var, amma onları deportasiya edir. Bu ziddiyyət indi azərbaycanlılara qarşı da tətbiq olunur”.
Ekspert, həmçinin 2024-cü ilin dekabrında Qroznı səmasında baş verən AZAL təyyarəsinin vurulması məsələsinə də toxunaraq bildirib ki, Moskva bu insidentə görə məsuliyyət daşıdığını qəbul etmək istəmir:
“Rusiya bu hadisəyə görə nə üzr istəyib, nə də zərəri ödəyib. Sadəcə, Putin deyib ki, “təyyarə Rusiya səmasında vurulduğu üçün təəssüf edirik”. Bu nə deməkdir? Bəs əgər Rusiya səmasında vurulmasaydı, peşman da olmayacaqdınız?”
O, yekun olaraq vurğulayıb ki, Azərbaycanın artan müstəqilliyi, Ermənistanın da Rusiya təsirindən çıxmağa başlaması Moskvanı narahat edir və bu, onun aqressiv davranışlarına səbəb olur.
Rasim Babayev