Sənaye rəqəmləri danışır: Ən çox istehsal hardadır? - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, 2025-ci ilin I yarımilində ölkədə sənaye istehsalının həcmi ötən ilin eyni dövrünə nisbətən 0,8% və ya 0,26 milyard manat azalaraq 31,22 milyard manat təşkil edib. Son 3 ilin ilk yarımilində sənaye istehsalında davamlı azalma müşahidə olunub ki, bu da neft-qaz sektoru üzrə istehsal həcminin azalması ilə bağlıdır.
Xatırladaq ki, son 5 ildə I yarımil üzrə ən yüksək sənaye istehsalı həcmi 2022-ci ildə 42,16 milyard manat olaraq qeydə alınıb. Həmçinin həmin ildə qeydə alınan göstərici öncəki ilin eyni dövrü ilə müqayisədə 82,6% və ya 19,07 milyard manat çox olub.
İqtisadi fəaliyyət növləri üzrə sənaye istehsalına ayrı-ayrılıqda baxsaq, ölkədə sənaye istehsalının əsas hissəsinin mədənçıxarma sektoruna düşdüyünü görərik. Neft və qaz yataqları ilə zəngin olan bir ölkə üçün bu, təbii göstəricidir. Lakin son 3 ildə mədənçıxarma sektoru üzrə sənaye istehsalı davamlı olaraq azalır. Son olaraq cari ilin yanvar-iyun aylarında bu sektor üzrə sənaye istehsalı həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% və ya 1,17 milyard manat azalaraq 19,3 milyard manata enib.
Emal sənayesi üzrə hər il davamlı artım qeydə alınıb. 2025-ci ilin I yarısında ölkədə emal sektoru üzrə sənaye istehsalı 9,87 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% və ya 0,69 milyard manat çoxdur.
Hesabat dövründə digər sektorlar üzrə sənaye istehsalında da artım davam edib. Digər sektorlar dedikdə “elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı” və “su təchizatı, tullantıların təmizlənməsi və emalı” sektorları nəzərdə tutulur. Bu sektorlar üzrə sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% və ya 0,21 milyard manat artaraq 2,05 milyard manata çatıb.
Aparılan təhlilə əsasən, sənaye istehsalı üzrə ən böyük pay Bakı şəhərinə düşür. Cari ilin birinci yarısında ölkənin sənaye istehsalının 80,97%-i və ya 25,28 milyard manatı Bakı şəhərində gerçəkləşib. Neft və qaz yataqlarının əsasən paytaxt ərazisində və Xəzər dənizində olduğunu nəzərə alsaq bu göstərici təbiidir. İkinci sırada isə 2,1 milyard manatlıq sənaye istehsalı ilə ümumi istehsalın 6,73%-ni təşkil edən Sumqayıt şəhəri yer alıb.
Qalan 12,3% və ya 3,84 milyard manatlıq sənaye istehsalı isə digər bölgələrin payına düşüb ki, bu bölgələrin heç birində sənaye istehsalı yarım milyard manatı keçmir.
Digər bölgələr arasında ilk sıranı isə 482,6 milyon manat sənaye istehsalı ilə Abşeron rayonu tutur. Abşeron rayonunda istehsal olunan sənaye məhsullarının həcmi ümumi istehsalın 1,55%-ni təşkil edib.
Növbəti sırada isə 301,5 milyon dəyərində sənaye istehsalı ilə Gəncə şəhəri yer alıb. Ərazisinə görə ölkənin ikinci şəhəri olan Gəncə sənaye istehsalı üzrə dördüncü sırada qərarlaşıb.
Hər üç Cənubi Qafqaz ölkəsinin Dövlət Statistika komitələrinin rəsmi internet ünvanlarından əldə olunan rəqəmlər əsasında aparılan təhlilə görə, Azərbaycan digərləri ilə müqayisədə bölgənin ən böyük sənayesinə malik ölkədir. Ölkəmiz həm ümumi sənaye istehsalında, həm də, ayrı-ayrı sektorlar üzrə sənaye istehsalında qonşularını (Gürcüstan və Ermənistanı) qabaqlayıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycanın sənaye istehsalı 9,31 milyard dollar təşkil edib ki, bu istehsalın 62,4%-i mədənçıxarma, 30,27%-i emal, 7,33%-i isə digər sektorların payına düşüb.
Bu dövrdə sənaye istehsalının həcmi Gürcüstanda 1,83 milyard dollar, Ermənistanda isə 0,56 milyard dollar olub. Hər iki qonşumuzda sənaye istehsalı üzrə əsas pay Azərbaycandan fərqli olaraq emal sektoruna düşüb. Bunun səbəbi qonşu ölkələrdə neft və qaz yataqlarının olmamasıdır.