Bu gün

Suriyaya qaz nəqli: enerji və humanitar diplomatiyanın praqmatik sintezi

Dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan Avropa ölkələri ilə yanaşı, bu gündən Suriyaya qaz nəqlinə start verib. Bu da ölkəmizə ixrac coğrafiyasının şaxələndirilməsi ilə yanaşı, yeni istiqamətdə – Yaxın Şərqdə siyasi, iqtisadi və diplomatik mövqelərini gücləndirmək imkanı yaradır. Ölkə qazının Suriya bazarına ixracı mühüm geosiyasi hadisə olmaqla yanaşı, enerji təhlükəsizliyi, regional sabitlik və humanitar diplomatiya baxımından əhəmiyyətlidir.

Enerji resurslarının müasir beynəlxalq münasibətlər sistemində təkcə iqtisadi yox, həm də siyasi təsir amili kimi çıxış etməsi danılmaz reallıqdır. Praqmatik enerji diplomatiyası yürüdən Azərbaycan bu amildən rasional şəkildə istifadə edərək həm qaz ixracını şaxələndirir, həm də strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Azərbaycanın mavi yanacaq ixracı coğrafiyasının ilk dəfə olaraq Yaxın Şərq istiqamətində genişlənməsi ölkəmizin enerji siyasətində keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilməlidir. Hazırda Azərbaycan qazı Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla, 12 ölkəyə ixrac edilir. Qaz ixracı edilən 8 ölkə Avropa İttifaqının tamhüquqlu üzvüdür. Bu və digər ölkələr Azərbaycanı mühüm təchizatçı, enerji təhlükəsizliyi baxımından etibarlı, qiymət sabotajlarına yol verməyən tərəfdaş kimi qəbul edirlər. Avropa İttifaqı Azərbaycanı “etibarlı və ümum-Avropa qaz təchizatçısı” adlandırır.

Coğrafi əhatəlilik və boru kəmərləri ilə qaz nəqli baxımından Azərbaycan dünyanın aparıcı ölkələri sırasında yer alır. Dövlət başçısı İlham Əliyev gələcək planlardan danışarkən bəyan edir ki, 2030-cu ilə qədər ölkənin qaz hasilatının əlavə 8 milyard kubmetr artırılması hədəflənir. Bu isə Azərbaycanın enerji ixracının hazırkı 25 milyard kubmetrdən təqribən 33 milyard kubmetrə çatdırılması deməkdir. Bu fakt həm də Azərbaycanın dünya qaz bazarında artan nüfuzunun və təsir imkanlarının göstəricisidir.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün artıq təbii qaz və elektrik enerjisi ixracatçısı kimi də beynəlxalq diqqət mərkəzindədir.

Xüsusi vurğulamaq lazımdır ki, Suriyanın karbohidrogen ehtiyatları ilə zəngin olan İran, İraq kimi digər qonşu ölkələr var ikən məhz Azərbaycandan təbii qaz alması mühüm siyasi çalarlara malikdir. Bu fakt, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək etimadın, sabit enerji təchizatçısı imicinin göstəricisidir. Siyasi və təhlükəsizlik baxımından mürəkkəb, qeyri-sabit bölgədə yerləşən Suriya üçün dayanıqlı və etibarlı mavi yanacaq təchizatı, mümkün risklərin minimallaşdırılması həlledici əhəmiyyətə malikdir. Ölkəmiz son onilliklərdə sabit, şəffaf, proqnozlaşdırıla bilən qaz ixracatçısı olaraq bu meyarlara tam cavab verir.

Əminliklə demək olar ki, Azərbaycandan qaz nəqli Suriya üçün təkcə sosial-iqtisadi mahiyyət kəsb edən məsələ deyil, eyni zamanda ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq istiqamətində inkişafına xidmət edən addımdır. Azərbaycanın bu regionda hər hansı iddia ilə çıxış etməyən, dayanıqlı sülh və bərpa gündəliyini təşviq edən mövqeyi onun Suriyanın enerji tərəfdaşı kimi seçilməsinə səbəb olub. Başqa sözlə, ölkə qazının Yaxın Şərq ölkələrinə nəqlinə başlanılması yalnız bazar tələbi ilə deyil, həm də Azərbaycan–Türkiyə tandeminin qeyd olunan regionda nüfuz və təsir imkanlarının artması ilə şərtlənir.

Azərbaycan bütün məsələlərdə olduğu kimi, bu məsələdə də strateji müttəfiqi Türkiyənin maraqlarını nəzərə alır. Türkiyə yerləşdiyi coğrafiyada həm güclü logistik mövqeyə, həm də qaz nəqletmə infrastrukturuna malikdir. Suriyaya qaz ixracının Türkiyə ərazisi vasitəsilə reallaşdırılması qardaş ölkənin hər il böyük məbləğdə tranzit gəlirləri əldə etməsinə imkan verəcək. Bu həm də Bakı–Ankara müttəfiqliyinin yalnız ikitərəfli deyil, eyni zamanda transregional müstəviyə keçdiyini göstərir. Suriyanın bərpasında iştirak edən bu iki ölkənin birgə fəaliyyəti Yaxın Şərqdə yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verir.

Suriyaya qaz nəqli isə ölkəmizin təkcə Avropanın deyil, digər qitələrin də enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiq edir. Bu həm də ölkəmizin humanitar diplomatiyasının mahiyyətindən irəli gələn addımdır. Suriya uzun illərdir ki, davam edən vətəndaş müharibəsi, xarici müdaxilələr və terror təhdidləri səbəbindən genişmiqyaslı humanitar böhranla üzləşib. Bu ölkənin enerji infrastrukturu hərbi münaqişələrdən ciddi zərər görüb və bu sistemin bərpasında perspektivdə Azərbaycanın da iştirakı mümkündür. Qaz nəqli təkcə iqtisadi-siyasi deyil, həm də humanitar məqsədli olub Suriyanın bərpasına verilən real töhfədir. Enerji təminatı bu ölkənin bərpa prosesində vacib şərtlərdən biri kimi çıxış edir.

Ümumiyyətlə, bu gün Azərbaycan üçün qaz ixracı yalnız valyuta gəlirləri və iqtisadi artım mənbəyi deyil. Bu, eyni zamanda ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından strateji alətdir. Suriyaya qaz nəqli layihəsi Azərbaycanın enerji və humanitar diplomatiyasının uğurlu sintezi kimi çıxış edir. Bu layihə vasitəsilə Azərbaycan bir daha nümayiş etdirir ki, hər bir sivil ölkə malik olduğu enerji resurslarından siyasi təzyiq, manipulyasiya və sabotaj vasitəsi kimi deyil, milli və regional inkişaf, qlobal enerji təhlükəsizliyi baxımından məqsədyönlü istifadə etməlidir.

MTM Analitik Qrupu

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?