Dünən

Britaniyalı ekspert: “Prezident İlham Əliyev mümkün olmayanı reallaşdırdı” - AÇIQLAMA

Bakı ilə London arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir.

Bu barədə Təhlil.az saytına açıqlamasında britaniyalı jurnalist, prodüser və siyasi ekspert, həmçinin keçmiş SSRİ məkanında yayımlanan BBC Dünya Xidmətinin keçmiş baş redaktoru Yuri Qoliqorski məlumat verib.

Ekspert bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında heç bir ciddi problem yoxdur. Onun sözlərinə görə, Prezident İlham Əliyev çox qısa müddət ərzində Azərbaycanın qarşısında mümkün olmayan bir missiyanı – ərazi bütövlüyünün bərpasını və ölkənin iqtisadi uğurlarını təmin etməyə nail olub.

Yuri Qoliqorski həmçinin qeyd edib ki, Böyük Britaniya Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir. Onun fikrincə, bu dəhlizin reallaşması Azərbaycan və Ermənistan üçün ideal variant olardı:

“Böyük Britaniya və ABŞ baxımından, eləcə də Ermənistan və Azərbaycan üçün Zəngəzur dəhlizi qarşılıqlı faydalı bir layihə ola bilər. Qərb dövlətlərinin burada təhlükəsizliyin təminatçısı kimi çıxış etməsi həm siyasi, həm də iqtisadi baxımdan məqsədəuyğundur. Bu, dəhlizin şəffaf fəaliyyətini təmin edər və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verərdi.”

Ekspert hesab edir ki, Zəngəzur dəhlizi həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlar üçün iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar aça bilər.

Paşinyanın dəhlizlə bağlı dəyişkən mövqeyinə toxunan Qoliqorski əlavə edib:

“Paşinyan Rusiyaya səfər etdikdən sonra Zəngəzur dəhlizində Amerika şirkətinin iştirakı ilə bağlı mövqeyini dəyişib. Buna təəccüblənmirəm. Çünki bu, Rusiyanın maraqlarına əhəmiyyətli dərəcədə təsir edir və Moskvanın Cənubi Qafqazda nüfuzunu zəiflədir. Lakin əgər Paşinyana müəyyən təminatlar və üstünlüklər təklif olunarsa, fikrini yenidən dəyişməsi mümkündür”.

Yekun olaraq, ekspert qeyd edib ki, regional kommunikasiyaların açılması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin iştirakı ilə bu layihənin reallaşdırılması bölgədə sülhə və əməkdaşlığa real zəmin yarada bilər.

Rasim Babayev  

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?