Paşinyanın mətbuat katibindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ermənistan hökuməti Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə açıqlama yayıb:
"Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası, əlbəttə ki, heç bir halda digər tərəfə həvalə oluna bilməz. Lakin dəmir yolu, boru kəmərləri və elektrik ötürücü xətlərin biznes idarəçiliyi həvalə oluna bilər".
Təhlil.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
O qeyd edib ki, Ermənistan mətbuatında regionun nəqliyyat yollarının açılması mövzusunda Ermənistanın mövqeyi ilə bağlı müəyyən çaşqınlıq müşahidə olunur və mətbuat nümayəndələri rəsmi şəxslərin bəyanatlarında ziddiyyətlər görürlər:
"Bir daha vurğulamaq istəyirəm ki, Ermənistan Respublikası heç vaxt öz ərazisindən keçən nəqliyyat yollarının ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə ziddiyyət təşkil edən modellərini nə müzakirə edib, nə də edəcək"