Hindistan Pakistanı terrorizmə görə Hind Suları Müqaviləsini dayandırmaqla hədələyib

Hindistan Pakistanda terrorizmin dəstəklənmədiyinə əmin olana qədər Hind Suları Sazişinin həyata keçirilməsinə mane olacaq. Təhlil.az xəbər verir ki, bunu parlamentin yuxarı palatasında “Sindur” əməliyyatına həsr olunmuş debatlar zamanı çıxış edən respublikanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.
“Pakistan terrorizmi dəstəkləməkdən tamamilə imtina edənə qədər Hind Suları Müqaviləsi dayandırılacaq”, - deyə o bildirib. Nazirin sözlərinə görə, müqavilə dost niyyətlər əsasında imzalanıb, lakin 1960-cı ildən bu yana sazişin ruhunu sarsıdan bir çox hadisələr baş verib.
Qeyd edək ki, 1960-cı ildə Hindistan və Pakistan su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind Suları Müqaviləsini imzalayıblar. Bu müqaviləyə əsasən, İslamabad Hindistan ərazisindən axan Hind çayının özü və onun qolları olan Çenab və Jelum üzərində nəzarəti ələ keçirdi, lakin Hindistan müqaviləyə əsasən, öz suyundan bitişik sahələri suvarmaq və həmin ərazilərin sakinlərinin ehtiyacları üçün istifadə edə bilər. Beləliklə, Yeni Dehli Beas, Ravi və Sutlej çayları üzərində tam nəzarəti ələ keçirdi. Bu müqaviləyə əsasən, Yeni Dehli və İslamabad məlumat mübadiləsinə razılıq verdilər və bu məqsədlə Daimi Hind Komissiyası yaradıldı.