24 iyul

Paşinyan anti-Rusiya addımlarını sürətləndirir - TƏHLİL

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Apostol kilsəsinə qarşı mübarizəsi yeni pilləyə qədəm qoyub. Artıq hökumət başçısı açıq-aşkar II Qareginin yerinə öz adamını gətirmək istədiyini dilə gətirir. Bununla yanaşı, onun komandasında kilsəyə qarşı atılacaq addımlardan xəbərdar olanların sayı çox azdır.

Son iclasda Paşinyan komandaya bildirib ki, II Qaregini uzaqlaşdırmaq üçün konkret planı var. Amma plan təfərrüatı ilə açıqlanmayıb. Bu da sübut edir ki, Nikol artıq öz komandasına inanmır, planın ifşa olunacağından ehtiyat edir. Bu səbəbdən də hakim partiyada vəziyyət qeyri-müəyyən və gərgindir.

Dünən isə səhiyyə naziri Anahit Avanesyan arxiyepiskop Baqrat Qalstanyanı məhkəməyə verməyə hazırlaşdığını deyib. Nazir bildirib ki, arxiyepiskop tərəfindən təhqir və böhtana məruz qalıb. Maraqlıdır ki, maliyyə naziri də onu dəstəkləyib və bu səpkidə yazı hazırlayıb.

Erməni mediasının analizi göstərir ki, Nikol Paşinyan nazirlərə hazır mətn göndərir və tapşırır ki, bu yazılar sosial şəbəkədəki hesablarında yayımlansın. Məqsəd nazirlər də daxil olmaqla, bütün komandanı bu işlərə cəlb etməkdir və bu işdə məcburiyyət ön plana keçmək üzrədir. Çünki bir sıra partiya üzvü və məmurlar belə bir yükün altına girmək istəmir, sabahkı gününü fikirləşir.

Ermənistanda keçirilən son rəy sorğuları isə hakim partiyada ciddi məyusluq yaradıb. Bu səbəbdən də Nikol Paşinyanın nəzarəti altında olan qərbpərəstlərə daha fəal olmaq və sərt anti-Rusiya hərəkətlərinə start vermək tapşırılıb. Çünki son rəy sorğularında Ermənistanın Aİ-yə üzvlüyünün lehinə səs verənlərin sayı 10 faizdən çox azalıb.

Paşinyanın isə 2026-cı il seçkilərində ümidi Avropayönlü ittifaqadır. Seçkidən sonra koalisiya sayəsində hakimiyyətdə qalmaq baş nazirin əsas planlarından biridir. Bu səbəbdən də yaxın günlərdə qərbyönlü qruplaşmaların aktiv şəkildə anti-Rusiya çıxışları və fəaliyyətləri qaçılmaz görünür. Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi 23 avqust günündə Gümrüdəki 102-ci hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə aksiyaların keçiriləcəyini də ehtimal etmək olar. Bu, Rusiyanın səbr kasasının daşması, Kremlin qəzəb və hiddəti ilə müşayiət oluna bilər.

Hikmət Həsənov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?