Bu gün

Sülhə gedən yol: Bakı və İrəvan vasitəçilərsiz danışır - TƏHLİL

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyən edilməsi, qarşılıqlı münasibətlərin qurulması üçün ikitərəfli danışıqların ən effektiv yol olduğunu ötən zaman təsdiq edib. Qeyd edilməlidir ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana danışıqları əsas etibarı ilə məhz ikitərəfli formatda, vasitəçilərsiz aparmağı təklif etmişdi. Ermənistan savaşdan sonrakı ilk illərdə bundan imtina etdi, vasitəçilərsiz danışıqlara razılıq vermədi. Vasitəçilərlə aparılan danışıqlar isə istənilən nəticəyə nail olunmasını əngəllədi. Bunun əsas səbəblərindən biri vasitəçilərin bəzi hallarda pozuculuq mövqeyindən çıxış etməsi oldu. Fransanın fəaliyyətini bunun konkret nümunələrindən biridir. Məhz Fransanın qərəzli yanaşması danışıqların Brüssel formatı üzrə getməsi yolunda ən böyük əngələ çevrildi.

Bütün bunlardan sonra danışıqların tədricən ikitərəfli formata keçməsi artıq konkret nəticələr verməyə başladı. Əsirlərin mübadiləsi, bəzi ərazilərdə sərhəd xətlərinin dəqiq müəyyən olunması məhz ikitərəfli danışıqlar əsasında mümkün oldu. Eləcə də Azərbaycan və Ermənistanın müəyyən beynəlxalq tədbirlərə ev sahibliyi edə bilməsi üçün tərəflərin razılığı yenə ikitərəfli danışıqların nəticəsidir. Nəhayət, sülh müqaviləsinin mətni də ikitərəfli əsasda baş tutan danışıqlardan, təkliflərin mübadiləsindən sonra mümkün olub. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciətin edilməsi istiqamətində ikitərəfli formatın həlledici əhəmiyyət kəsb etməsi artıq məlum həqiqətdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinadın yeni baş qanunun layihəsindən çıxarılması istiqamətində iş getdiyinə dair də elə sözügedən ölkənin özündə çoxsaylı məlumatlar yayılır.

Ermənistan Ədliyyə Nazirliyi artıq müəyyən müddətdir ki, yeni konstitusiyanın yazıldığını qeyd edir. Düzdür, qurum burada Müstəqillik Bəyannaməsinə istinadən saxlanılıb-saxlanılmaması ilə bağlı məsələyə hələ də heç bir aydınlıq gətirməyib. Amma baş nazir Nikol Paşinyan artıq aylar əvvəl öz mövqeyini bildirib ki, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Bunun yeni konstitusiyanın mətnində nəzərə alınmasını hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputatların mütləq əksəriyyəti də dəstəkləyir.

Beləliklə, proseslərin inkişaf axarı Azərbaycan və Ermənistanda arasında yaxın tezlikdə sülh müqaviləsinin imzalanmasına olan ümidləri artırır. Bu, məhz ikitərəfli danışıqlar əsasında mümkünləşir. Amma hadisələrin belə müstəvidə cərəyan etməsi, Cənubi Qafqazda sülhün bərqərar olması regiondankənar müəyyən qüvvələri ciddi narahat edir. Yenə Fransa, həmçinin Hindistan buna konkret misallar kimi göstərilə bilər. Amma indi öz yanlış siyasətinə görə, Cənubi Qafqazda ciddi nüfuz və mövqe itkisinə məruz qalan Rusiya da Azərbaycan və Ermənistanda arasında sülhlə bağlı reallığı əks etdirməyən mövqe sərgiləyir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk iddia edir ki, Qərb dövlətləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiyanın iştirakını məhdudlaşdırmaq üçün əllərindən gələni edirlər: “Qərb Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmağa çalışır. Bu, tərəfləri tələsik sülh sazişi bağlamağa vadar edir”. Masyuk qeyd edib ki, “özünü vasitəçi adlandıranların belə birtərəfli və səthi yanaşması məsələyə kömək etmir”.

Bir daha vurğulanmalıdır ki, Azərbaycan və Ermənistanda arasında sülh müqaviləsinin mətninin razılaşadırılması ikitərəfli formatda olan danışıqlar əsasında baş tutub. Burada hansısa Qərb ölkəsinin iştirakı baş verməyib. Belə olan halda Dmitri Masyukun hansı Qərb ölkəsindən və ya ölkələrindən bəhs etməsi anlaşılmazdır. Onun Azərbaycan və Ermənistanın guya sülh sazişini tələsik imzalamağa hazırlaşması ilə bağlı iddiası da qəribə və başadüşülən deyil. Əvvəla, ona görə ki, sülh müqavilisənin mətni artıq bir neçə aydır razılaşdırılıb. Onun imzalanması üçün Ermənistan konkret iki şərtə əməl etməlidir: Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciətin edilməsi. Məhz bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq. Dmitri Masyukun iddia etdiyi kimi sülh müqaviləsinin tələsik imzalanması həyata keçrilsəydi, onun mətni razılaşdırıldıqdan dərhal sonra imzalanardı.

Dmitri Masyuk onu da bildirir ki, Rusiya tərəfi sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və bu tarixi sənədin imzalanması üçün öz platformasını təklif edir. Halbuki, müqavilənin imzalanması üçün hansı platformadan istifadə olunması barədə qərarı tərəflər özləri verirlər. Məhz belə bir vaxtda “Middle East Eye” nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasında növbəti yüksək səviyyəli danışıqların yeri Dubay olacaq. Portalın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iyulun sonunda Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərində görüş keçirməyi planlaşdırır. Məlumat öz təsdiqini taparsa, bu, o deməkdir ki, liderlər Cənubi Qafqazda heç bir geosiyasi maraqları olmayan bir ölkənin ərazisində görüşəcəklər. Nəticədə bu, nə Rusiyada, nə də Qərbdə spekulyasiya mövzusuna çevrilməyəcək. Çünki Dubay neytral platformadır və Cənubi Qafqaza təsir etməyə öyrəşmiş ölkələrlə heç bir əlaqəsi yoxdur. Lakin görünən odur ki, Rusiya bundan narahatdır. Məhz belə vəziyyətdə Rusiya rəsmisinin Azərbaycan və Ermənistanda arasında sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlər birmənalı xarakter daşımır. Bütün bunlar Moskvanın Bakı və İrəvanla münasibətlərini gərginləşdirməsi kontekstində baş verir.

“CaucasusWarReport” portalı yazır ki, Moskvanın iştirakı olmadan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında əldə olunan razılaşma da Rusiyada ciddi narahatlıq yaradıb. Bildirilir ki, Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək və Bakıya birbaşa quru marşrutu verəcək Zəngəzur dəhlizinin neytral qarantı kimi Amerika kommersiya operatorunun prosesə cəlbi də gündəmdədir. Sözügedən təklif ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən irəli sürülüb. Artıq Ermənistan Xarici İşlər Nazirliyi təsdiq edib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturunun açılması ilə bağlı beynəlxalq tərəfdaşlardan da təkliflər alır və bununla bağlı müzakirələr gedir. Karnegi Beynəlxalq Sülh Fonduna görə, plan dəhlizə ABŞ logistika firmasının nəzarət etməsini nəzərdə tutur. Bu yanaşma Ermənistanın marşrut üzərində suverenliyini qorumaqla Azərbaycanın uzunmüddətli təhlükəsizlik zəmanətlərinə ehtiyacını ödəməyə yönəlib. Nəticədə Rusiya həm danışıqlar masasından, həm də dəhlizə nəzarətin həyata keçirilməsindən tamamilə kənarlaşdırılır. Elə o səbəbdən indi Rusiya həm Azərbaycan, həm də Ermənistanla münasibətlərini gərginləşdirir, ölkələrimizə qarşı hibrid formada savaş aparır, sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Amma bu vəziyyətdə Rusiya daha çox özünə zərər edərək, Cənubi Qafqazda nüfuz və mövqeyini tamam itirəcək.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?