Bu gün

Rusiyada yüksək vəzifəlilərin müəmmalı ölümləri yoxsa təsadüf? - ARAŞDIRMA

2022-ci ildən etibarən Rusiyada maliyyə, enerji və neft sektoru ilə bağlı yüksək vəzifəli rəhbərlər bir-birinin ardınca müəmmalı şəkildə həlak olurlar. İntiharlar, hündürlükdən yıxılmalar, zəhərlənmələr, şübhəli “qəzalar” və səhnələşdirilmiş qətllər bu hadisələri təkcə şəxsi faciə yox, həm də sistemli və məqsədli “təmizləmə” kimi təqdim edir.

Siyahıda kimlər var?

Aleksandr Tulyako - “Qazprom”un maliyyə direktoru müavini. 2022-ci ilin fevralında Leninqrad vilayətində evində ölü tapılıb. Rəsmi olaraq intihar elan olunsa da, mənbələr zorakılıq izlərinin olduğunu bildiriblər.

Sergey Protosenya – “Novatek”in sabiq vitse-prezidenti. 2022-ci ilin aprelində İspaniyada asılmış vəziyyətdə tapılıb. Həyat yoldaşı və qızı baltalanaraq qətlə yetirilib. Polis ilkin olaraq ailədaxili zorakılıq versiyasını irəli sürsə də, çoxsaylı suallar cavabsız qalıb.

Ravil Maqanov – “Lukoyl”un Direktorlar Şurasının sədri. 2022-ci ilin avqustunda Moskvada xəstəxananın pəncərəsindən yıxılaraq ölüb. Rəsmi versiya qəza olsa da, onun müharibəyə qarşı çıxan azsaylı iri biznes nümayəndələrindən biri olması diqqət çəkir.

Leonid Şulman – “Qazprom İnvest”in nəqliyyat şöbəsinin rəhbəri. 2022-ci ilin yanvarında damarları kəsilmiş vəziyyətdə tapılıb. Bəzi mənbələr cəsəddə zorakılıq izlərini qeyd edirlər.

Anatoli Geraşenko – keçmiş MAI rektoru və dövlət korporasiyalarında məsləhətçi. Pilləkəndən yıxılaraq müəmmalı şəkildə həyatını itirib.

Andrey Badalov - “Transneft” şirkətinin vitse-prezidenti 2025-ci il iyulun 4-də səhər saatlarında Moskvadakı Rublyovskoye şossedə yerləşən mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Hadisə ilə bağlı istintaq aparılır, rəsmi açıqlama verilməyib. O, 2021-ci ildən bu vəzifədə çalışırdı.

Onun ölümü digər oxşar hallara bənzəyir: yüksək vəzifə, strateji sahədə çalışması və “qəza” kimi təqdim olunması bu hadisənin də sadə təsadüf olmadığını düşündürür.

Təsadüf, yoxsa sistemli təmizləmə?

Həlak olanların əksəriyyəti eyni sahələrdə, enerji, nəqliyyat və maliyyə sektorlarında fəaliyyət göstərirdilər. Onların çoxu ya mühüm məlumatlara çıxışı olan şəxslər idi, ya da xarici kapital axını, siyasi maliyyələşmə və ya müharibə ilə bağlı riskli məloumatlara sahib idilər.

Analitiklərin fikirləri 

• Strateji məlumatların və aktivlərin qorunması məqsədilə riskli şəxslərin aradan qaldırılması;

• Sanksiyalar və təcrid şəraitində daxildə “etibar testlərinin” aparılması;

• Müharibəyə qarşı çıxanların susdurulması və ya nüfuzlu fiqurların neytrallaşdırılması.

Bu ölümlər sistemli qorxu mühiti yaratmaq üçün də istifadə oluna bilər.

Rəsmi münasibət və ictimai reaksiya

Rusiya hüquq-mühafizə orqanları demək olar ki, bütün hallarda intihar və ya təsadüfi qəza versiyasını irəli sürür, istintaq nəticələri isə açıqlanmır. Qərb mediası və insan haqları təşkilatları bu hallardan ciddi narahatlıq ifadə edir. Araşdırma qurumları isə bu ölümlərdə məqsədli “aradan qaldırma” elementlərini önə çəkirlər.

Rusiya mediası isə ya bu hadisələri işıqlandırmır, ya da neytral təqdim edir. Ekspert dairələrində isə belə qənaət formalaşıb: təcrid olunmuş və hərbiləşmiş rejim şəraitində Rusiya elitasında əvvəlki yazılmamış qaydalar artıq işləmir.

Bütün bunlar göstərir ki, Rusiyada yüksək vəzifəli menecerlərin müəmmalı ölümləri təsadüf kimi təqdim olunsa da, onların ardıcıl və oxşar şəraitdə baş verməsi ciddi suallar doğurur. Bu ölümlər — xüsusilə Andrey Badalovun faciəsi, elita daxilində narazılıq, nəzarət və qorxu balansının dəyişdiyindən xəbər verir.

Sərvət və status artıq toxunulmazlıq üçün kifayət deyil. Yeni reallıqda hətta yüksək vəzifəli şəxslər belə təhlükəsiz deyillər.

TƏHLİL ANALİTİK QRUPU

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?