Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş, istirahət və uçuş vaxtı yeni qaydalarla tənzimlənəcək.
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunan “Aviasiya haqqında” Qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, bu sahədə qaydalar “Aviasiya haqqında” Qanun, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartları və müvafiq qaydalar əsasında müəyyənləşdiriləcək. Tənzimlənməyən məsələlər isə Əmək Məcəlləsinin normaları ilə tənzimlənəcək.
Hava gəmisi heyəti üçün maksimal iş və uçuş vaxtları 7, 14, 28 ardıcıl gün, həmçinin 1 təqvim ili üzrə müəyyən ediləcək.
Qanun layihəsində bildirilib ki, mövcud iş vaxtı məhdudiyyətləri 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşları çətinləşdirir. Yeni qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması hava heyətinin yorğunluğunun daha effektiv idarə edilməsinə, aviaşirkətlərin rəqabət qabiliyyətinin və uçuş xəritəsinin genişləndirilməsinə imkan verəcək.
Sənəd qəbul ediləcəyi təqdirdə, Nazirlər Kabineti hava gəmisi heyətinin uçuş, iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı yeni qaydaları təsdiqləyəcək.