Məleykə Abbaszadə: Son 10 ildə şagirdlərin savadlılığı artıb

Monitorinqlərin nəticələri son 10 ildə şagirdlərin savadlılığının artdığını göstərir.
Təhlil.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, son 10 ildə aparılan monitorinqlərin nəticələrinə əsasən, hazırda şagirdlərin savadlılığı artıb:
"2012-ci ildə bir kənd məktəbində 9-cu siniflər arasında aparılan monitorinqdə oxumağı bilməyən şagirdlərlə rastlaşmışdım. Amma hazırda demək olar ki, belə hallarla qarşılaşmırıq. Bu nəticəni əldə etmək üçün biz artıq 4-cü sinifdən şagirdləri monitorinqlərə cəlb edirik. Bəzən suallar gəlir ki, bu prosesə niyə aşağı siniflərdən başlanılır? Səbəb bu cür halların qarşısını məhz aşağı siniflərdən almaq zərurətidir. Monitorinqlərin nəticəsi Elm və Təhsil Nazirliyinə təqdim olunur. Daha sonra çox zəif nəticə göstərən şagirdləri tanımağa çalışırıq".