Bu gün

Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi” təsdiq edilib.

Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Fərmana əsasən, 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış Töhfə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Töhfə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatı Məskunlaşma Proqramının Katibliyinə bildiriş göndərməlidir.