Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilib (əlavə olunur).
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.