Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqlənib

Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sənədə əsasən, qaydalar “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət kadastrının (bundan sonra – dövlət kadastrı) aparılması qaydalarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir. Dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir.
Daşınmaz əmlak obyektlərinin dövlət kadastr uçotuna alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Qanunun 5.2-ci maddəsində qeyd olunan hallarla bağlı ərizənin və ya hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların DERKİS vasitəsilə qeydiyyata alınması;
çöl ölçmə işlərinin (texniki inventarlaşma) aparılması;
çöl ölçmə işlərinin (texniki inventarlaşma) nəticələri ilə təqdim edilmiş sənədlərdə və dövlət kadastrında olan məlumatlar arasında uyğunsuzluq olubolmamasının yoxlanılması;
uyğunsuzluq aşkar edilmədiyi təqdirdə məlumatların dövlət kadastrına daxil edilməsi.