Azərbaycan sərhədçiləri peşə bayramını qeyd edir

Bu gün – 18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizəsi orqanları əməkdaşlarının peşə bayramıdır.
Təhlil.az xəbər verir ki, bu tarix Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümünə təsadüf edir.
Azərbaycan Sərhəd Mühafizəsinin əsası 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin “Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi ilə qoyulub. Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla isə 18 avqust sərhədçilərin peşə bayramı günü kimi təsis edilib.
Müstəqilliyin bərpasından sonra milli sərhəd mühafizəsinin yenidən qurulması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması sərhədlərin qorunması sisteminin yeni mərhələyə keçməsinə şərait yaradıb. Sonrakı illərdə DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavalar yaradılıb, hava, quru və dəniz sərhədlərinin mühafizəsi üçün müasir texnologiyalar tətbiq olunub.
Azərbaycan sərhədçiləri Vətən müharibəsində də mühüm rol oynayıblar. DSX hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında iştirak edib, dövlət sərhədinin mühüm hissələrində döyüş tapşırıqlarını yerinə yetiriblər. Müharibədə 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsi üçün yeni hərbi hissələr və infrastruktur yaradılıb. Sərhəd-buraxılış məntəqələrində müasir nəzarət və informasiya sistemlərinin tətbiqi də genişləndirilib.
Bu gün DSX müasir texnika və texnologiyalarla təchiz olunmuş, peşəkar şəxsi heyətə malik struktur kimi Azərbaycanın dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsində əsas qurumlardan biri olaraq fəaliyyət göstərir.
107-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə DSX-nin bir sıra hərbi qulluqçuları ali hərbi rütbələr, orden və medallarla təltif edilib. Dövlət sərhədinin qorunması zamanı şəhid olan hərbi qulluqçular da təltif olunanlar arasında yer alıb.