Bu gün

Bayramda rayonlara gedənlərin nəzərinə: Əlavə avtobuslar ayrıldı

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, hazırda portalda 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.