Dünən

Rizvan Hüseynov: “Əbu-Dabidə ən çətin məsələlər artıq razılaşdırılıb” - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən son görüş Cənubi Qafqazda sülh danışıqlarında dönüş nöqtəsi kimi qiymətləndirilə bilər". 

Bunu təhlil.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.

Ekspert  bildirib ki, danışıqların vasitəçilərsiz keçirilməsi xüsusi önəm daşıyır və belə formatda görüşlər sülh prosesinə real töhfə verir.

Onun sözlərinə görə, vasitəçilərin iştirakı ilə keçirilən əvvəlki görüşlərdə müdaxilələr səbəbindən nəticəyə gəlinmirdi. Əbu-Dabi formatı isə daha əlverişli platforma hesab olunur, çünki həm ABŞ, həm də Böyük Britaniya üçün daha çevik və qarşılıqlı maraqlara uyğun şərait təqdim edir.

Rizvan Hüseynov danışıqlarda Zəngəzur dəhlizi və sərhəd məsələləri üzrə əldə olunan razılaşmaların xüsusi vurğulanmalı olduğunu bildirib:

“2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulan dəhliz layihəsinin təhlükəsizlik təminatları üzrə əhəmiyyətli irəliləyiş əldə edilib: “Eyni zamanda, sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın fəaliyyətə başlaması da müsbət addım kimi dəyərləndirilib”

Ekspertin sözlərinə görə, bu iki sahədə, yəni yol infrastrukturunun qurulması və sərhəd müəyyənləşməsi üzrə əldə olunmuş razılaşmalar danışıqlar prosesində ciddi irəliləyişlərə yol açır: “Bu isə hazırkı görüşü sülh prosesində “sıçrayış” kimi xarakterizə etməyə əsas verir”.

O vurğulayıb ki, Bakı və İrəvan arasında növbəti yüksək səviyyəli görüşlərin gündəliyi də kifayət qədər zəngindir: “Bu görüşlərdə əsas müzakirə mövzularından biri Ermənistan Konstitusiyasının preambulasında yer alan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsi ola bilər. Azərbaycan tərəfi bu dəyişiklikləri regional sülh və hüquqi əsaslı münasibətlərin qurulması üçün vacib hesab edir. Ermənistan tərəfi isə öz növbəsində azərbaycanlıların tarixi torpaqları olan Qərbi Azərbaycana qayıdış məsələsinin gündəmə gətirilməsinə qarşı çıxır”.

Ekspert sonda əlavə edib ki, perspektivdə bu həssas məsələlərin hansı formada razılaşdırılacağını zaman göstərəcək: “Amma əsas irəliləyişlərin yolların açılması, sərhədlərin dəqiqləşdirilməsi, iqtisadi blokların aradan qaldırılması və əməkdaşlıq mexanizmlərinin formalaşması artıq razılaşdırılmış olması, sülh prosesinin davamlılığına olan inamı artırır”.

Rasim Babayev

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?