Professor: Əbu-Dabi görüşünün nəticələri nikbinlik yaradır - RƏY

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən ikitərəfli danışıqların nəticələri kifayət qədər nikbinlik yaradır.
Bu fikirləri təhlil.az-a Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev açıqlamasında deyib.
“Əldə etdiyimiz və müşahidə etdiyimiz məlumatlara əsasən, görüş kifayət qədər konstruktiv şəraitdə keçib. Müzakirələr praktiki olaraq sülh gündəliyinin əsas istiqamətlərinin bütün spektrini əhatə edib. Bu gündəm Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini müəyyənləşdirir. Bu, çox vacibdir”, - deyə o qeyd edib.
Professorun sözlərinə görə, tərəflər sərhədlərin delimitasiyası məsələlərini də müzakirə ediblər:
“Bu, olduqca vacib məsələdir. Sərhədin bir hissəsi artıq delimitasiya olunub, hətta demarkasiya olunmuş hissələr də var. Amma hesab edirəm ki, əsas iş hələ qabaqdadır və ona görə də bu, ikitərəfli münasibətlərin çox mühüm aspektidir. Bu sərhəd onilliklər boyu təhlükə və gərginlik mənbəyi olaraq qalıb. Ona görə də danışıqlar prosesində delimitasiya və demarkasiya məsələləri böyük əhəmiyyət kəsb edir”.
Keçmiş səfir həmçinin bildirib ki, görüşdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsinə baxılıb.
"Zəngəzur dəhlizinin açılması, eləcə də onun inkişafı məsələləri müzakirə olunub. Hesab edirəm ki, bizdə olan məlumatlara görə, danışıqlar kifayət qədər uğurlu olub və bu məsələdə də perspektivlər var. Sülh müqaviləsinin paraflanmasına hazırlıq məsələləri də müzakirə olunub. Bu, çox mühüm mərhələdir və deməyə əsas verir ki, tərəflər danışıqlar prosesində yeni səviyyəyə yüksəliblər. Bu məsələlərin mətbuatda işıqlandırılmasına əsasən, müzakirənin dərin məzmunlu xarakter daşıdığını söyləmək olar. Bu isə ümumilikdə kifayət qədər nikbinlik yaradır”, - deyə, professor qeyd edib.
Namiq Əliyev vurğulayıb ki, Əbu-Dabidə real fikir və təkliflər mübadiləsi aparılıb.
“Əlbəttə, tərəflər ümumi maraqların sahələrini və ikitərəfli münasibətlərdə müəyyən fərqləri əks etdirən sahələri qeyd etdilər. Bu zonaların müəyyən edilməsi bizə irəli getməyə, gələcəyin prioritetlərini müəyyən etməyə imkan verir. Həm ixtisaslaşmış ekspert qrupları səviyyəsində, həm də daha yüksək siyasi səviyyələrdə təmasların davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olunub”, - deyə o, əlavə edib.
Rasim Babayev