“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib

Ölkəmizdə keçirilən “Araz-2025” birgə təliminin açılış mərasimi olub.
Təhlil.az Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, əvvəlcə Azərbaycan və İranın təlim rəhbərləri, eləcə də digər yüksəksəviyyəli üzvləri Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ümummilli Lider Heydər Əliyevin, həmçinin hər iki ölkənin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən təlim rəhbərləri yüksələn xətlə inkişaf edən Azərbaycan-İran hərbi əməkdaşlığının dərinləşməsində “Araz-2025” birgə təliminin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir.
Açılış mərasiminin sonunda hərbi qulluqçular təntənəli marşla tribunanın önündən keçiblər.