Bu gün

Dövlət maaşı özəl sektora yaxınlaşır – 3 ildə 52% artım

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı hər il davamlı olaraq artır. Daha dəqiq desək, son 4 ildə ölkədə muzdla çalışan işçilərin sayı 5,7% və ya 95,2 min nəfər, son bir ildə isə 1,5% və ya 26 min nəfər artaraq 1 774,9 min nəfərə çatıb.

Son 4 ildə dövlət və özəl sektorda çalışan işçilərin sayına ayrı-ayrılıqda baxsaq, özəl sektorda çalışanların sayının sürətlə artdığına, dövlət sektorunda çalışanların sayının isə azaldığına şahid olarıq. Bu tendensiyanın səbəbləri kimi ölkəmizdə özəl sektorda əməkhaqqı məbləğinin daha yüksək olması və dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində işçilərin statusunun dəyişməsini göstərmək olar. Bundan başqa, dövlət müəssisələrində aparılan islahatlar da statistikaya təsir edən amillərdəndir.

Rəsmi rəqəmlərə əsasən, son 4 ildə ölkədə dövlət sektorunda çalışanların sayı 3,8% və ya 35,2 min nəfər azalıb. Bu müddətdə özəl sektorda çalışan işçilərin sayı isə 17,1% və ya 130,4 min nəfər artıb.

Son bir ildə dövlət sektorunda muzdla çalışan işçilərin sayı 2,2% və ya 19,7 min nəfər azalaraq 880,1 min nəfərə enib. Özəl sektorda çalışan işçilərin sayı isə son bir ildə 5,4% və ya 45,7 min nəfər artaraq 894,8 min nəfərə çatıb.

Aparılan təhlil zamanı məlum olub ki, cari ilin yanvar-mart aylarında ölkədə orta aylıq əməkhaqqı məbləği 1083,8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% və ya 98,5 manat artım deməkdir.

Rəsmi rəqəmlərə əsasən, son illərdə orta aylıq əməkhaqqı məbləği hər il ortalama olaraq 11% artır. Cari ilin I rübündə orta aylıq əməkhaqqı məbləği 2021-ci ilin I rübü ilə müqayisədə 52% və ya 370,6 manat artaraq 1000 manat səviyyəsini keçib.

Xatırladaq ki, 2021-ci ilin I rübündə orta aylıq nominal əməkhaqqı məbləği 713,2 manat təşkil edirdi.

Orta aylıq nominal əməkhaqqı məbləği hər zaman özəl sektorda daha yüksək olub. Lakin, özəl sektorda olduğu kimi hər il dövlət sektorunda da orta aylıq əməkhaqqı məbləği artır. Hətta hər il dövlət sektorunda orta aylıq nominal əməkhaqqı məbləği özəl sektora münasibətdə daha çox artır.

Son bir ildə özəl sektorda orta aylıq nominal əməkhaqqı məbləği 7,4% və ya 76,9 manat artaraq 1115,6 manata, dövlət sektorunda isə 12,5% və ya 116,7 manat artaraq 1053,1 manata çatıb.

Ümumilikdə son 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı məbləği özəl sektor üzrə 37,7% və ya 305,6 manat, dövlət sektoru üzrə isə 65,9%v və ya 418,5 manat artıb.

Dövlət və özəl sektorda çalışanların əməkhaqqı məbləği arasında fərqə baxsaq, hər ötən il bu fərqin sürətlə azaldığının şahidi olarıq. Daha dəqiq ifadə etsək, 2021-ci ilin I rübündə özəl sektorda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləğindən 27,64% çox idisə, cari ilin I rübündə bu fərq 5,93%-ə enib.