Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.