Dövlət yalnız 5 banka güvənir

Dövlət büdcəsində toplanan sərbəst vəsaitlər yalnız ölkənin ən böyük banklarında yerləşdirilir.
Təhlil.az xəbər verir ki, Maliyyə Nazirliyi bu məsələyə aydınlıq gətirib və bildirib ki, dövlət pullarının idarə olunması qanunvericiliklə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir.
Nazirlər Kabinetinin 2007-ci ildə təsdiqlədiyi qərara əsasən, vahid xəzinə hesabında qalan sərbəst vəsaitlər yalnız kapitallaşmasına və beynəlxalq reytinqinə görə ilk beş kredit təşkilatında – yəni ən iri banklarda depozit kimi yerləşdirilə bilər. Məqsəd isə sadədir: sərbəst vəsaitləri riskə atmadan idarə etmək və büdcəyə əlavə gəlir gətirmək.
Mərkəzi Bankın aprel ayına olan reyestrinə əsasən, hazırda sistem əhəmiyyətli sayılan beş bank bunlardır: ABB, Kapital Bank, PAŞA Bank, Bank Respublika və Unibank. Maraqlıdır ki, apreldə bu siyahıda dəyişiklik edilib və Xalq Bank yerini Unibanka verib.
Nazirlikdən bildirilib ki, kiçik və orta bankların da bu hərraclarda iştirak etməsi məsələsi hazırda Mərkəzi Bank vasitəsilə müzakirə olunur. Lakin hazırkı qaydalar dəyişmədiyi müddətdə dövlət pulları yalnız sistem əhəmiyyətli banklara yönələcək.
Xatırladaq ki, indiyə qədər Maliyyə Nazirliyi tərəfindən keçirilən iki depozit hərracında ümumilikdə 1,5 milyard manat məhz bu iri banklara yönləndirilib – bir və üç aylıq müddətlə.
Bir sözlə, dövlət pullarını “etibara” yatırır. Risk yox, reytinq əsasdır. Amma kiçik banklar bu dairəyə daxil olmaq üçün qapının aralanmasını gözləyir.