Bu gün

Emin Ağalarov Kazanda festival və kurort layihəsi planlaşdırır

Azərbaycan-Rusiya Biznes Şurasının sədri, "Agalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov Tatarıstana investisiya yatırma ehtimalını istisna etmir.

Təhlil.az xəbər verir ki, o bu barədə Kazanda keçirilən “Rusiya–İslam dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verib.

Emin Ağalarov bildirib ki, Tatarıstanda turizm, inkişaf layihələri, festivallar və konsertlər sahəsində böyük imkanlar var: “Bu, istənilən sahə ola bilər. Artıq təcrübəli yerli developerlərlə danışıqlar aparılır. Ola bilər ki, burada bir layihəyə start verək. Əsas məqsəd Kazanın bu günkü kurort potensialını təcrübə yolu ilə sınamaqdır. Bəlkə də böyük bir kompleks olacaq. Araşdırırıq, baxırıq, və ola bilsin, nəsə alınar”.

Onun sözlərinə görə, Rusiyada daimi şəkildə ailəvi istirahət üçün əlverişli kurort məkanlarının çatışmazlığı hiss olunur.

“Əksər rusiyalı turistlər, imkanı varsa, Türkiyə və ya Dubayı seçirlər. Amma daxili turizm üçün alternativlər yaratmaq mümkündür və buna ehtiyac var”- deyə, o əlavə edib.