I sinfə qəbulda yeni qaydalar: hansı məktəblərdə prioritet tətbiq olunacaq?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesi ilə bağlı vacib yeniliyi açıqlayıb.
Təhlil. az xəbər verir ki, artıq bəzi məktəblərdə qəbul zamanı prioritet (üstünlük hüququ) tətbiq olunacaq.
Məlumata görə, qəbul iki formada aparılacaq: sərbəst seçim və prioritet əsasında. Sərbəst qəbul zamanı valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllimi birbaşa seçə biləcəklər.
Prioritet isə müəyyən şərtlərə əsaslanacaq. Belə ki, uşağın və ya valideynin məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatı olmalı, uşağın bacı və ya qardaşı həmin məktəbdə oxumalı və ya valideynlərdən biri həmin məktəbdə işləməlidir.
Valideynlər bu üstünlük hüququndan müəyyən edilmiş tarixlərdə istifadə edə biləcəklər:
Azərbaycan bölməsi üzrə – 6 may – 4 iyun 2026
Digər dillər üzrə – 17 iyun – 16 iyul 2026
Qeyd olunur ki, bu sistem xüsusilə sıx məskunlaşmış ərazilərdə məktəb seçimini asanlaşdırmaq məqsədi daşıyır.
Müddət başa çatdıqdan sonra isə prioritet tətbiq olunan məktəblərdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq.