Bu gün

Ceyhun Bayramov Ər-Riyadda Naxçıvana hücumu gündəmə gətirdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterli görüşündə iştirak edib.

Təhlil.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır, mülki şəxslərin həyatını və infrastrukturu təhlükə altına qoyur.

Nazir iştirakçılara martın 5-də İran ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumlar barədə məlumat verib. Hücum nəticəsində 4 mülki şəxs xəsarət alıb, Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura ciddi ziyan dəyib.

Bildirilib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq əzmini bütün legitim vasitələrlə nümayiş etdirərək operativ və qətiyyətli şəkildə cavab verib.

Nazir İran tərəfinin hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına dair verdiyi təminatların yerinə yetiriləcəyinə və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlərin görüləcəyinə ümid edildiyini qeyd edib.

Eyni zamanda, nazir yaranmış müharibə şəraitindən sonra Azərbaycanın atdığı addımlar, o cümlədən İrana göstərilən humanitar yardım barədə məlumat verib. Bildirilib ki, son yardım martın 18-də Novruz və Ramazan bayramı ərəfəsində göndərilib, həmçinin Azərbaycanın ərazisindən üçüncü ölkələr tərəfindən yardımın çatdırılmasına və mülki şəxslərin təxliyəsinə şərait yaradılıb.
Vurğulanıb ki, münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Regional dövlətlərin hədəfə alınmasının davam etməsinin parçalanmanı dərinləşdirdiyi və uzunmüddətli sabitliyi sarsıtdığı qeyd olunub.

Bu kontekstdə region ölkələrinin sülh və təhlükəsizliyin təmin olunmasında məsuliyyət və sahiblik prinsipinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda bildirilib ki, beynəlxalq hüququn əsas prinsiplərinə – suverenliyə və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq kimi prinsiplərə ciddi riayət olunması regionda dayanıqlı sülh və sabitliyə aparan yeganə yoldur.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?