"Biz ABŞ ilə İran arasında toqquşmaya doğru gedirik" - AÇIQLAMA

"ABŞ və İran arasında hərbi əməliyyat ehtimalı yüksək olaraq qalır".
Bu fikirləri təhlil.az saytına açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyev bildirib.
Onun sözlərinə görə, əsas sual bu qarşıdurmanın məhdud çərçivədə qalacağı, yoxsa daha geniş, regional miqyaslı prosesə çevriləcəyidir:
“Danışıqlar davam edir. ABŞ-nin İranla diplomatik həll yolu tapmağa çalışdığı bir neçə fundamental məsələ var və toqquşma riski də məhz bu məsələlərin həll olunmaması ilə bağlıdır”.
O bildirib ki, birinci məsələ nüvə proqramıdır: “Tehran proqramı dayandırmağa hazır olduğunu bəyan edir. Bununla bağlı ikinci mühüm məsələ uranın zənginləşdirilməsinin dayandırılması və artıq zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılmasıdır. Burada əsas müzakirə mövzusu zənginləşdirmə səviyyəsidir. İran müəyyən həddə riayət etməyə hazır olduğunu bildirir, lakin uranın zənginləşdirilməsi prosesindən tamamilə imtina etməyə hazır deyil”.
Diplomat söyləyib ki, üçüncü məsələ İranın regiondakı proksi qüvvələri ilə bağlıdır.
“Söhbət Yaxın Şərqdə fəaliyyət göstərən şiə və ya İranpərəst qruplardan gedir. Bu qüvvələr son dövrdə ciddi itkilər veriblər. İndi sual yaranır: İran onlara dəstəyi məhdudlaşdıracaq, yoxsa bu istiqamətdə əməkdaşlığı davam etdirəcək? Müxtəlif ehtimallar mövcuddur”, – Şəfiyev bildirib.
Dördüncü məsələ isə İranın raket proqramıdır: “Burada əsas müzakirə raketlərin mənzilinin məhdudlaşdırılması ilə bağlıdır ki, onların İsrail ərazisinə çatmaması təmin olunsun. Tehran isə bildirir ki, belə bir addım atarsa, bir-iki il ərzində İsrail və ya ABŞ tərəfindən hücuma məruz qalmayacağına dair heç bir zəmanət yoxdur. Bu səbəbdən İran raket proqramının məhdudlaşdırılması məsələsini qəti şəkildə rədd edir. Bu mövzu ABŞ ilə danışıqların əsas istiqamətlərindən biridir. Məncə, tərəflər hələ çıxılmaz vəziyyətdə olmasalar da, həmin mərhələnin astanasındadırlar”.
F. Şəfiyev qeyd edib ki, İranın iki fundamental daxili problemi var və bu problemlər də yuxarıda sadalanan məsələlər və sanksiyalarla birbaşa bağlıdır.
“İran sanksiyaların yumşaldılmasını istəyir. ABŞ isə qeyd olunan dörd məsələ üzrə real irəliləyiş olmadan sanksiyaları aradan qaldırmağa hazır deyil. Ola bilsin ki, bir və ya iki istiqamətdə kompromis əldə edilsin, lakin bütün məsələlərin eyni vaxtda həlli çətindir. Sanksiyalar yumşaldılmazsa, İran iqtisadiyyatının ağır vəziyyəti fonunda daxili gərginlik davam edəcək. Bu halda Tehran mövcud narazılığı xarici amillərə yönəltmək imkanlarını nəzərdən keçirə bilər”, – deyə, o bildirib.
Diplomat əlavə edib ki, ikinci fundamental problem İranın iqtisadi və siyasi sisteminin idarə olunması ilə bağlıdır.
“Müəyyən sosial məsələlərdə, o cümlədən hicabla bağlı müəyyən yumşalmalar müşahidə olunub. Lakin sanksiyalar aradan qaldırılmadan iqtisadi islahatların həyata keçirilməsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması mümkün deyil. Beləliklə, yenidən ABŞ ilə həllini tapmamış dörd əsas məsələyə qayıdırıq”, – deyə, F. Şəfiyev vurğulayıb.
O əlavə edib ki, mövcud dinamika ABŞ və İran arasında toqquşma riskini artırır və hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini zaman göstərəcək.
Rasim Babayev