Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi həyata keçiriləcək

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.
Təhlil.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunan “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bildirilib ki, “Qrant haqqında” Qanununa əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.
Vurğulanıb ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.
Qeyd olunanları nəzərə alaraq mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
Eyni zamanda, sözügedən qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası” və digər sənədlərdə istifadə edilib. Bu xüsusda layihədə “mədəni və yaradıcı sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.