Naxçıvanda 40 subartezian quyu qazılacaq - Sərəncam

Naxçıvanda içməli su ilə bağlı vəziyyət yaxşılaşdırılacaq, 40 subartezian quyu qazılacaq.
Təhlil.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidir.