Ermənistan nüvə sınaqları üçün yeni poliqon rolunda - ŞƏRH

Ermənistanın malik olduğu nüvə infrastrukturunun Cənubi Qafqazın özü daxil olmaqla böyük bir region üçün ciddi təhdid mənbəyi olması barədə məsələ zaman-zaman gündəmə gəlsə də, indiyə qədər həllini tapmayıb. Əksinə, hadisələrin inkişaf axarı təhdidin miqyasının sürətlə genişlənməkdə olduğunu göstərir. Elə bu səbəbdən yaranmış durum təkcə regional dövlətlər üçün deyil, həm də beynəlxalq təhlükəsizlik sistemi üçün mühüm risk faktorlarından biri kimi nəzərdən keçirilməlidir.
Məlum həqiqətdir ki, Ermənistanın nüvə potensialı və infrastrukturu dedikdə ilk növbədə ölkədə fəaliyyət göstərən “Metsamor” Atom Elektrik Stansiyası (AES) nəzərə alınır. Sovet İttifaqı dövründə inşa edilən bu stansiya texnoloji baxımdan köhnəlmiş hesab olunur və uzun illərdir beynəlxalq təşkilatlar tərəfindən təhlükəli obyekt kimi qiymətləndirilir. Stansiyanın seysmik fəallığın yüksək olduğu zonada yerləşməsi riskləri daha da artırır. Ekspertlər hesab edir ki, mümkün texniki qəza zamanı “Metsamor” AES yalnız Ermənistan üçün deyil, bütün region üçün ciddi ekoloji və humanitar fəlakətə səbəb olacaq. Son proseslər fonunda narahatlıq doğuran əsas məqamlardan biri Ermənistanın enerji təhlükəsizliyi adı altında nüvə infrastrukturu üzərində modernizasiya və genişləndirmə planlarını reallaşdırmaq istiqamətində müvafiq addımlar atmasıdır. Burada diqqət yenə ilk növbədə “Metsamor” AES-ə yönəldilir.
Ermənistan rəhbərliyi bu atom elektrik stansiyasının ömrünü yenidən uzatmaq üçün gərgin danışıqlar aparır. Xatırlatmaq lazım gəlir ki, 2023-cü ildə onun ömrü artıq 2036-cı ilə qədər uzadılıb. Lakin bir müddət öncə baş nazir Nikol Paşinyan bu atom elektrik stansiyasının ömrünün 2046-cı ilə qədər uzadıla biləcəyini bildirib. Digər tərəfdən o da elan edilib ki, tezliklə İrəvan-Eçmiədzin magistral yolunda ehtiyat böhran mərkəzi tikiləcək. Mərkəzin “Metsamor” AES-dəki oxşar mərkəzlə paralel olaraq mövcud reaktorun iş vəziyyətini izləyəcək. Yeni nüvə klasterinin tikintisinin rəsmi izahı onunla bağlıdır ki, bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik standartları, eləcə də Rusiyanın “Nüvə Elektrik Stansiyalarının Təhlükəsizliyi üzrə Ümumi Müddəalar” standartının tələblərindən irəli gəlir. Qeyd olunanlar onun təsdiqidir ki, Ermənistanın təhlükə mənbəyi olan “Metsamor” AES-i bağlamağa tələsmir, əksinə, onu daha uzun müddətə istismar etməyə can atır.
Bunlara paralel olaraq, bəlli olduğu kimi, Ermənistan ABŞ-la da nüvə əməkdaşlığına başlayır. ABŞ-Ermənistan nüvə enerjisi sahəsində əməkdaşlıq müqaviləsi Amerikanın vitse-prezidenti Ceyms Vensin fevralın əvvəlində İrəvana səfəri zamanı imzalanıb. ABŞ Ermənistandakı kiçik modul reaktorlarına 9 milyard dollar sərmayə qoymağı planlaşdırır. ABŞ-ın texnologiya ixracatı ümumilikdə 5 milyard dollar təşkil edəcək, qalan 4 milyard dollar isə yanacaq təchizatı və reaktorların texniki xidmətinə sərf olunacaq. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ tərəfindən təklif olunan texnologiya ixracı təcrübi xarakter daşıyır və ilk dəfə olaraq, Ermənistanda reallaşır. İddialar səslənir ki, Vaşinqton onların praktik sınaqları, risk təhlili və xərc-səmərəliliyi ilə maraqlanır. Elə bu səbəbdən ABŞ Ermənistandakı köhnəlmiş “Metsamor” AES-i əvəz etmək üçün tikilə biləcək iki yeni atom elektrik stansiyasının dəyərinə bərabər məbləğ ayırır.
Artıq Rusiyada ABŞ-ın Ermənistanı yeni nüvə sınağı poliqonuna çevirməsi barədə fikirlər də səslənir. Məsələn, ABŞ-ın Ermənistanda kiçik modul reaktorlar tikmək planları ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, amerikalıların həmişə çox cəlbedici biznes təklifləri olur, lakin ABŞ hələ bir dənə də olsun kiçik modul reaktor tikməyib: “Bəli, ABŞ-da bunu edən bir neçə şirkət var. Bəli, onların hamısının çox cəlbedici biznes təklifləri var. Amma, necə deyərlər, bəzi nüanslar var. Amerikalılar tərəfindən hələ bir dənə də olsun kiçik modul reaktor tikilməyib... Bundan başqa, istehsal olunan enerjinin meqavat-saatına görə təxmini qiymət heç yerdə qeyd edilməyib. Lakin buna xüsusi diqqət yetirilməlidir. Əgər söhbət “NuScale Power”in 77 meqavattlıq modullarından gedirsə, Yuta layihəsinin uğursuzluğuna səbəb olan enerjinin yüksək qiyməti idi. Hətta istehsaldan əvvəlki mərhələdə belə, xərc 1,5 dəfə artdı və planlaşdırılan enerji istehsalının qiyməti meqavat-saat üçün 58 dollardan 89 dollara yüksəldi ki, bu da onun 2023-cü ildə bağlanmasına səbəb oldu”. Şoyqu iddia edir ki, digər bir məqam ABŞ-ın işlənmiş nüvə yanacağını təkrar emal etmək texnologiyasına malik olmamasıdır. Onun sözlərinə görə, Ermənistanda nüvə elektrik stansiyaları üçün kiçik reaktorlar tikilərsə, işlənmiş yanacaq mütləq Ermənistanda saxlanılacaq. Bu da əlavə nüvə təhdid mənbəyi hesab olunur. Şoyqunun sözlərinə görə, Ermənistanda kiçik modulların tikintisi praktiki mərhələyə keçərsə, Rusiya və regiondakı bütün digər dövlətlər bu yeni nüvə təhlükəsizliyi risklərini nəzərə almalı olacaqlar: “Əsasən, biz Amerika nüvə texnologiyası təcrübələrinin yaxınlıqda, seysmik cəhətdən aktiv zonada aparılacağını fərz edirik. Buna görə də, bəli, bu, təhlükə hesab edilməlidir. Paralellər aparmaq istəmirəm, amma xatırlatmaq istəyirəm ki, Yaponiyanın “Fukuşima Daiçi” Atom Elektrik Stansiyasında baş verən zəlzələ nəticəsində məhv olan Amerika reaktorları olub və bu da ətraf mühitin geniş yayılmış radioaktiv çirklənməsinə səbəb olub”.
Bütün bunlar fonunda indi Rusiya mediasında iddialar səslənir ki, Ermənistan genişmiqyaslı nüvə sınaqları üçün poliqon kimi seçilib və ABŞ tərəfindən 9 milyard dollarlıq maliyyə müvafiq layihənin əleyhdarlarının şübhələrini aradan qaldırmaq üçün nəzərdə tutulmuş səxavətli bir töhfədir. Daah bir mühüm nüans odur ki, kiçik modul reaktorlarının milli elektrik şəbəkələrinə inteqrasiya təcrübəsi də yoxdur.
Regionda yaranan yeni geosiyasi reallıqlar da nüvə təhlükəsi ilə bağlı narahatlıqları gücləndirir. Cənubi Qafqaz beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin kəsişdiyi strateji məkana çevrildikcə, burada yerləşən riskli obyektlərin təhlükəsizlik məsələsi xüsusi diqqət mərkəzinə gəlir. Azərbaycanın, Gürcüstanın və Türkiyənin həyata keçirdiyi iri enerji və logistika layihələri fonunda Ermənistan ərazisində potensial nüvə təhlükəsinin mövcudluğu regional sabitliyə birbaşa təsir göstərən amilə çevrilir. Digər tərəfdən Ermənistanın özünü də belə layihələrdə iştirakına görülən hazırlıq fonunda risklər rəsmi İrəvanın özü tərəfindən də qiymətləndirilməsinə böyük zərurət var. Əgər söhbət elektrik enerjisinə olan tələbdən gedirsə, Azərbaycan münasibətlərin normallaşması şəraitində Ermənistanın bu istiqamətdə ehtiyaclarının əhəmiyyətli hissəsini ödəməyə hazırdır. İndilikdə isə Ermənistanın nüvə infrastrukturu ətrafında formalaşan vəziyyət bu ölkənin potensial nüvə təhdidi mənbəyi kimi qiymətləndirilməsinə zəmin yaradır.
MTM Analitik Qrupu