Bu gün

700 min nəfərə şad xəbər - Maaşlar yenidən artacaq

Prezident İlham Əliyev “Əmək Məcəlləsi”nə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydaya əsasən, minimum əməkhaqqının məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu isə o deməkdir ki, artımlar artıq təsadüfi qərar deyil, dövri və qanunla tənzimlənən mexanizmə çevrilir.

Təhlil.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, minimum əməkhaqqındakı artım yalnız ən aşağı maaş alanlara deyil, vahid tarif cədvəlinin (VTC) bütün pillələrinə təsir göstərir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əməkhaqqı artırıldıqdan sonra bir ay müddətində yeni məbləğə uyğunlaşdırılır.

Bu mexanizm sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, lakin dövlət qulluqçusu statusu olmayan minlərlə işçini əhatə edir. Onların maaşları VTC əsasında formalaşır və hazırda 19 dərəcə üzrə müəyyənləşdirilir. Cədvəldə ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır.

Minimum əməkhaqqının dövri şəkildə artırılması praktiki olaraq bütün dərəcələr üzrə maaş artımına gətirib çıxarır. Burada əməkhaqqının minimum səviyyədən az və ya çox olması xüsusi rol oynamır, baza dəyişdikcə bütün pillələr hərəkətə gəlir.

Yeni dəyişikliklərin təsiri yalnız dövlət sektoru ilə məhdudlaşmır. Qanunvericiliyə görə, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqından aşağı maaş təklif etmək qadağandır. Bu səbəbdən minimum əməkhaqqının artırılması bütövlükdə əmək bazarında artım dalğası yaradır.

Hesablamalara görə, minimum əməkhaqqında artım təxminən 700 min vətəndaşın maaşına birbaşa təsir edir. Beləliklə, qəbul edilən dəyişiklik təkcə hüquqi düzəliş deyil, geniş sosial təsirə malik iqtisadi mexanizm kimi qiymətləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?