Bu gün

Bərəkətin və saflığın rəmzi – Su çərşənbəsi

Bu gün Azərbaycanda ilin ən qədim və ən rəmzi günlərindən biri – Su çərşənbəsi qeyd olunur.

Təhlil.az xəbərverir ki, Novruzun ilk müjdəçisi sayılan bu gün xalq inanclarında təbiətin oyanışının başlanğıcı kimi qəbul edilir.

İnanclara görə, məhz bu çərşənbədə su “oyanır”, axar sular təzələnir, həyat yenidən canlanmağa başlayır.

Su çərşənbəsi dörd çərşənbənin birincisidir. Onu Od, Yel və Torpaq çərşənbələri izləyir. Bu ardıcıllıq təsadüfi deyil. Qədim türk dünyagörüşündə kainatın və həyatın əsasını təşkil edən dörd ünsürün mərhələli oyanışını simvolizə edir. Hər şey sudan başlayır. Çünki su həyatın başlanğıcı, təmizliyin və saflığın rəmzidir.

Ənənəyə görə, insanlar bu gün səhər tezdən axar su üstünə gedir, üzlərini yuyur, suyun üzərindən atlanır və niyyət tuturlar. Su ilə bağlı mərasimlər həm fiziki, həm də mənəvi təmizlənmə anlamı daşıyır. İnanca görə, axar su insanın dərdini, ağırlığını özü ilə aparır.

Folklorumuzda su müqəddəs anlayış kimi qəbul edilir. “Su kimi aydın”, “su kimi saf” ifadələri də bu baxışın izidir. Qədim dövrlərdə su mənbələri ətrafında xüsusi ayinlər keçirilər, suya hörmətsizlik günah sayılardı. Hətta bəzi bölgələrdə bu gün evə gətirilən su “il suyu” hesab edilərək bolluq və bərəkət rəmzi kimi qorunardı.

Su çərşənbəsi həm də yazın ilk real işarəsidir. Qışın sərtliyi arxada qalır, torpağın altındakı həyat tərpənməyə başlayır. Çayların səsi dəyişir, buzlar əriməyə başlayır. Təbiət hələ tam oyanmasa da, bu gün onun nəfəsi duyulur.

Müasir şəhər həyatında bir çox ənənələr sadələşsə də, Su çərşənbəsi yenə də insanları təbiətlə bağlayan xüsusi bir gündür. Bu gün suya baxan hər kəs əslində yazın gəlişinə baxır. Axar suda isə təkcə su deyil, zaman da axır, qışı aparır, baharı gətirir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?