Səudiyyə Ərəbistanı Azərbaycanın investisiya imkanlarını yüksək dəyərləndirir - TƏHLİL

Cənubi Qafqaz ilə Yaxın Şərq arasında formalaşan yeni əməkdaşlıq xətti Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı münasibətləri fonunda özünü bir daha qabarıq göstərir. İki ölkə arasında münasibətlər son illərdə ardıcıl və sistemli şəkildə inkişaf edərək strateji məzmun qazanıb. İkitərəfli əlaqələr təkcə diplomatik müstəvidə deyil, real iqtisadi layihələr, iri investisiyalar və uzunmüddətli enerji əməkdaşlığı ilə möhkəmlənir. Mövcud dinamika göstərir ki, Bakı və Ər-Riyad münasibətləri perspektivli və davamlı model üzərində qururlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Təsis Olunması Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səuda ünvanladığı məktub münasibətlərin dinamik inkişafının siyasi ifadəsidir. Məktubda dostluq və qardaşlığa əsaslanan əlaqələrin gündən-günə genişləndiyi xüsusi vurğulanır. Dövlət başçısının məktubu göstərir ki, tərəflər münasibətləri real əməkdaşlıq müstəvisində sürətlə inkişaf etdirirlər. Siyasi dialoq davamlı xarakter daşıyır, yüksək səviyyəli təmaslar iqtisadi-ticari sahələrdə konkret layihələrin icrası ilə müşayiət olunur.
Regional və qlobal məsələlərdə mövqelərin üst-üstə düşməsi əməkdaşlığın strateji çərçivəsini gücləndirir. Xüsusi qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib, uzun illər ərzində Ermənistanla diplomatik əlaqələr qurmayıb. Bu prinsipial yanaşma ikitərəfli etimadı gücləndirib. Bundan əlavə, son illərdə viza rejiminin qarşılıqlı şəkildə sadələşdirilməsi turizm və biznes əlaqələrinin genişlənməsinə təkan verib. Təmasların artması münasibətlərin sosial və humanitar əsasını möhkəmləndirib.
Son illərdə ikitərəfli münasibətlər xüsusilə enerji sahəsində geniş vüsət alıb. Azərbaycan enerji sektorunda şaxələndirmə siyasəti həyata keçirir, bərpaolunan enerji mənbələrindən səmərəli istifadəyə çalışır. Səudiyyə Ərəbistanı isə qlobal enerji bazarında bu sektor üzrə investisiya coğrafiyasını genişləndirir. Bu ortaq baxış iki ölkəni strateji layihələr ətrafında birləşdirir.
Azərbaycanın Səudiyyə Ərəbistanın dünya miqyaslı “ACWA Power” şirkəti ilə sıx əməkdaşlığı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Şirkət 2004-cü ildə yaradılıb və qlobal miqyasda mühüm enerji layihələri həyata keçirir. Şirkətin ümumi investisiya portfeli 45 milyard dollar həcmində dyərləndirilir. “ACWA Power”in Azərbaycan bazarına daxil olması, tam investisiya ilə külək elektrik stansiyası inşa etməsi ölkəmizin investisiya cəlbediciliyinin göstəricisidir.
Xatırladaq ki, 13 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin tarixdə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Layihə “build-own-operate” prinsipi əsasında həyata keçirilib və ümumi dəyəri 300 milyon ABŞ dollarıdır. Stansiya çərçivəsində hər biri 6 meqavat gücündə 40 ədəd külək turbini quraşdırılıb.
Layihə üzrə illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı nəzərdə tutulur. Bu istehsal həcmi 220 milyon kubmetrədək təbii qaza qənaət etməyə imkan verməklə, həm ölkəmizin ixrac potensialını artırır, həm də karbon emissiyalarının azalmasına töhfə verir.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatması da Azərbaycan-Səudiyyə əməkdaşlığının konkret nəticəsidir. Prezident İlham Əliyevin məktubunda bu layihənin xüsusi qeyd olunması onun strateji əhəmiyyətini göstərir. Stansiyanın inşası təkcə ölkəmizə alternativ enerji istehsalı sahəsində verilən dəstək deyil, həm də texnologiya transferi, investisiya axını və uzunmüddətli enerji təhlükəsizliyi modelidir.
2026-cı ilin yanvar ayında “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyanın ölkəmizə səfəri zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir sıra razılaşmalar əldə olunub. Keçirilən müxtəlif səviyyəli görüşlər zamanı yalnız istehsal deyil, həm də elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə interkonnektor layihələrinin reallaşdırılması regional enerji inteqrasiyasını gücləndirir və Azərbaycanın tranzit rolunu artırır.
İkitərəfli əməkdaşlıq su təhlükəsizliyi sektorunu da əhatə edir. “ACWA Power” şirkəti ilə imzalanmış razılaşmaya əsasən, yaxın perspektivdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun inşası nəzərdə tutulur. Layihəyə əsasən, tikintinin başlanmasından 24 ay sonra ilk suyun verilməsi, 30-cu ayda stansiyanın tam gücü ilə istismara buraxılması nəzərdə tutulur. Birinci mərhələnin 2028-ci ilin iyununda, tam istismarın isə 2028-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır. Bu layihə ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasında mühüm rol oynayacaq.
Ümumiyyətlə, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər dərin və çoxşaxəlidir. Siyasi dialoq iqtisadi layihələrlə möhkəmlənir, enerji əməkdaşlığı strateji tərəfdaşlığın əsas istiqamətinə çevrilir. Qardaşlıq prinsipi üzərində qurulan və qarşılıqlı fayda modelinə əsaslan əlaqələrin qarşıdakı illərdə daha geniş miqyas alacağı şübhəsizdir.
MTM Analitik Qrupu