15 yaşı tamam olan oğlanlar üçün yeni qayda

Azərbaycanda ilkin hərbi qeydiyyat prosesi tam rəqəmsallaşdırılıb.
Təhlil.az xəbər verir ki, 2026-cı ildə 15 yaşı tamam olacaq oğlan övladlarının qeydiyyatı artıq “mygov” platforması üzərindən həyata keçirilir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, valideynlər “mygov”un “Xidmətlər” bölməsində “Hərbi” kateqoriyasını seçərək “İlkin hərbi qeydiyyat” xidməti vasitəsilə müraciət göndərə bilərlər. Sistem avtomatik olaraq cari ildə 15 yaşı tamam olan övladın məlumatlarını təqdim edir, valideyn isə qısa tərcümeyi-hal və əlaqə nömrəsini daxil edərək müraciəti təsdiqləyir. Xaricdə təhsil alanlar üçün əlavə arayış tələb olunur.
Müraciətdən sonra valideynin şəxsi kabinetinə tibbi müayinə ilə bağlı bildiriş göndərilir. Müayinədən keçdikdən sonra yeniyetmə hərbi həkim komissiyasına əyani baxış üçün müraciət etməlidir.
Prosesin icra vəziyyəti şəxsi kabinet üzərindən izlənilə bilir. Qeyd edək ki, ilkin hərbi qeydiyyat haqqında kağız vəsiqə artıq ləğv edilib və bütün proses yalnız rəqəmsal qaydada aparılır.
Xidmət həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə əlçatandır.