Azərbaycanın yaratdığı tranzit imkanlar Yaponiyanın da diqqətini ölkəmiz üzərində cəmləyir - TƏHLİL

Azərbaycanın Avrasiya məkanında artan tranzit əhəmiyyəti dünyanın böyük iqtisadiyyatına malik bir çox dövlətlərin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. Hadisələrin inkişaf axarı yaxın tezlikdə onların sırasında texnologiya nəhəngi hesab olunan Yaponiyanın da yer alacağını göstərir.
Yaponiyada nəzərə alınır ki, Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və çoxşaxəli beynəlxalq layihələrdə iştirakı Azərbaycanın Asiya-Avropa ticarət zəncirində mühüm halqaya çevrilməsinə şərait yaradıb. Bu baxımdan, Yaponiya kimi ixracyönümlü və resurs baxımından asılı iqtisadiyyat üçün Azərbaycan əhəmiyyətli tranzit tərəfdaş kimi çıxış edir. Faktdır ki, Yaponiya qlobal ticarətin aparıcı aktorlarından biridir. Ölkə yüksək texnologiya, avtomobil və elektronika məhsullarının ixracında lider mövqeyə malikdir. Bu məhsulların əsas bazarlarından biri Avropa İttifaqıdır. Ənənəvi dəniz marşrutları, xüsusilə Süveyş kanalı üzərindən daşımalar, həm vaxt, həm də təhlükəsizlik baxımından risklər ehtiva edir. Alternativ quru və multimodal marşrutların mövcudluğu Yaponiya üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan üzərindən keçən Orta Dəhliz bu alternativlərdən biri kimi ön plana çıxır.
Digər tərəfdən Yaponiyanın Mərkəzi Asiyaya artan marağı fonunda da Azərbaycanın əhəmiyyəti artır. Bütün bunlar fonunda Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe vurğulayır ki, Azərbaycan ölkəsini Avropa ilə birləşdirən nəqliyyat marşrutunun mərkəzində yerləşir və Tokio üçün əsas tərəfdaş olaraq qalır: “Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən marşrutun mərkəzində yerləşir, kommunikasiyaların inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional sabitliyin və rifahın təşviqində mühüm rol oynayaraq Tokio üçün əvəzolunmaz tərəfdaş olaraq qalır... Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil daxil olmaqla geniş sahələri əhatə edir. Xalqlarımız və ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr bu gün sahib olduğumuz dərin əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb”. Səfir xatırladıb ki, ötən ilin dekabr ayında Tokioda “Mərkəzi Asiya + Yaponiya” dialoqunun sammiti keçirilib və burada əsas məsələlərdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz üzrə əməkdaşlığın təşviqi və genişləndirilməsi olub.
Xatırlatmaq lazım gəlir ki, ilk Mərkəzi Asiya-Yaponiya Dialoqu sammiti fonunda baş nazir Sanae Takaiçi regiondakı beş ölkənin dövlət başçıları ilə Tokio Bəyannaməsini imzalayıb. Bundan əlavə, biznes təşkilatları arasında hərtərəfli müqavilələr paketinin imzalanması da sammitin mühüm nəticələrindən biri olub. Əldə edilən razılaşmalara müvafiq olaraq, Yaponiya növbəti beş il ərzində regionda 3 trilyon yen və ya təxminən 20 milyard dollar dəyərində bir sıra biznes layihələri həyata keçirmək niyyətindədir. Mərkəzi Asiya ölkələri öz növbəsində prioritetlərini aydın şəkildə ifadə ediblər. Onların strategiyası enerji infrastrukturunun modernləşdirilməsindən və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindən tutmuş, yaşıl texnologiyaların tətbiqinə və dekarbonizasiyaya qədər vacib sektorlarda Yaponiya innovasiyasına tələbata əsaslanır.
Mərkəzi Asiya ilə əlaqələrin inkişafı fonunda da Yaponiya Azərbaycan üzərindən keçən Orta Dəhlizə xüsusi diqqət edir. Yaponiya və Asiya-Sakit okean regionu üzrə ixtisaslaşan beynəlxalq siyasi ekspert Taku Tamaki bütün bunların təbii xarakterə malik olduğunu vurğulayır. Məsələ burasındadır ki, Yaponiya üçün Azərbaycanın yer aldığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionu daha geniş bağlılıq arxitekturasının bir hissəsinə çevrilir. Ekspert qeyd edir ki, Orta Dəhlizin inkişafı və möhkəmləndirilməsinə diqqət ayrılması fonunda Yaponiyanın, xüsusilə də strateji əhəmiyyətli sahələrdə Azərbaycana birbaşa xarici investisiyalarının artırılması üçün əhəmiyyətli potensial mövcuddur: “Çin və Cənubi Koreya şirkətləri bu istiqamətdə artıq kifayət qədər fəal və nəzərəçarpacaq mövqe tutublar, ardıcıl və praqmatik fəaliyyət göstərirlər. Ola bilsin ki, Yaponiya daha böyük təşəbbüs göstərməli və regionda öz uzunmüddətli iqtisadi prioritetlərini daha aydın şəkildə müəyyən etməlidir”.
Proseslərin inkişafı təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda və Mərkəzi Asiyada Yaponiya üçün mühüm tərəfdaşa çevrilir. Bu xüsusda Taku Tamaki qeyd edir: “Bəli, şübhəsiz ki, belə potensial mövcuddur və bu, daha çox Azərbaycanın coğrafi mövqeyi və artan tranzit rolu ilə bağlıdır. Orta Dəhliz layihəsi çərçivəsində nəqliyyat infrastrukturunun inkişafına investisiya imkanları və artan tələbat ölkəni yapon biznesi üçün xüsusilə cəlbedici edir. Bundan əlavə, Azərbaycan eyni zamanda bir neçə region arasında əlaqələndirici halqa rolunda çıxış edə bilər”. Onun sözlərinə görə, Yaponiya ilə Azərbaycan arasında tərəfdaşlıq çərçivəsində nəqliyyat logistikasının inkişafı və infrastruktur sahəsinə yatırılan investisiyalar uzunmüddətli multiplikativ effekt verə bilər: “Məhz bu istiqamətlər yalnız ikitərəfli əlaqələri möhkəmləndirmək deyil, həm də Avrasiya nəqliyyat arxitekturasında Azərbaycanın daha geniş rolunu artırmaq qabiliyyətinə malikdir. Perspektivdə bu cür layihələr digər sektorlarda əməkdaşlığın genişləndirilməsi üçün əsas yarada bilər”.
O da önəmli məqamlardan biridir ki, geosiyasi baxımdan Azərbaycan sabit və çoxvektorlu xarici siyasət yürüdən ölkə kimi seçilir. Ölkə həm Qərb, həm də Şərq tərəfdaşları ilə balanslı münasibətlər saxlayır. Bu isə Yaponiya üçün etibarlı tranzit tərəfdaş deməkdir. Qlobal güclər arasında rəqabətin artdığı bir dövrdə etibarlı və sabit nəqliyyat qovşaqlarının əhəmiyyəti daha da yüksəlir. Rəqəmsallaşma və “yaşıl nəqliyyat” konsepsiyaları da ölkələrimiz arasında əməkdaşlıq perspektivlərini genişləndirir. Azərbaycan nəqliyyat infrastrukturunun rəqəmsal idarəetmə sistemlərini tətbiq etməklə tranzit prosedurlarını sadələşdirməyə çalışır. Yaponiya isə bu sahədə qabaqcıl texnologiyalara malikdir. Birgə layihələr logistik səmərəliliyi artıra və karbon emissiyalarını azalda bilər.
Real mənzərə göstərir ki, Azərbaycanın Yaponiya üçün tranzit əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. İnfrastruktur layihələri, enerji və logistika imkanları, geosiyasi sabitlik və gələcək texnoloji əməkdaşlıq perspektivləri bu əhəmiyyəti daha da gücləndirir. Orta Dəhlizin inkişafı və regional inteqrasiyanın dərinləşməsi fonunda Azərbaycan Yaponiyanın Avrasiya strategiyasında mühüm rol oynamağa davam edəcək.
MTM Analitik Qrupu