Ruben Vardanyan şəbəkəsi: Separatizmdən transmilli informasiya müharibəsinə qədər - ŞƏRH

Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından nümayişkaranə şəkildə imtina edərək sentyabr ayında gizli yollarla Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi sadəcə bir köç deyil, sistemli bir separatçılıq planının başlanğıcı idi. Qondarma rejimdə "dövlət naziri" statusu alan bu şəxsin əsas fəaliyyət xətti Azərbaycanın təbii sərvətlərinin qanunsuz şəkildə talan edilməsi, bölgədəki gərginliyin süni şəkildə saxlanılması və ölkənin suverenliyinə qarşı radikal müqavimət ocaqlarının maliyyələşdirilməsi üzərində qurulmuşdu. Lakin Azərbaycan dövlətinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi 24 saatlıq lokal xarakterli antiterror tədbirləri bu separatçı layihəni darmadağın etdi. Ermənistana qaçmağa cəhd edərkən sərhəddə saxlanılan Vardanyan terrorizmi maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və dövlət sərhədini qanunsuz keçmə kimi ağır cinayətlərdə ittiham olunaraq, ədalət məhkəməsi qarşısında 20 il müddətinə azadlıqdan məhrum edildi.
Vardanyan həbs edildikdən sonra onun oğlu David Vardanyanın rəhbərliyi ilə atasının milyardlarla dolları və geniş əlaqələri səfərbər edilərək Azərbaycana qarşı qlobal dezinformasiya kampaniyasına start verildi. Bu kampaniya yalnız hüquqi müdafiə ilə məhdudlaşmır; burada məqsəd beynəlxalq media və sosial şəbəkələrdə Bakıya qarşı süni təzyiq formalaşdırmaqdır. Vardanyan ailəsinin pulları ilə dünyanın ən böyük PR nəhəngləri olan Edelman və Havas şirkətləri, habelə Luis Moreno Okampo kimi hüquq mütəxəssisləri bu şəbəkəyə cəlb edilib. Onlar "Aurora Humanitarian Initiative" platformasından istifadə edərək, Vardanyanı dünya ictimaiyyətinə "siyasi məhbus" və "xeyriyyəçi" kimi sırımağa çalışırlar. Xüsusilə COP29 kimi mühüm beynəlxalq tədbirlər ərəfəsində bu şirkətlər iqlim gündəmini kölgədə qoymaq üçün Azərbaycana qarşı sistemli informasiya hücumları və reputasiya təhdidləri həyata keçirmişlər.
Bu prosesdə ABŞ-da fəaliyyət göstərən "Persues Strategies" firması və onun rəhbəri Cared Qenser hüquqi koordinasiya rolunu üzərinə götürüb. Qenser BMT mexanizmlərinə müraciətlər və ABŞ Konqresində lobbiçilik təşəbbüsləri ilə Vardanyanı bir "haqq qurbanı" kimi tanıtmağa çalışır. Digər tərəfdən, Luis Okampo və onun əlaqəli olduğu "Raoul Wallenberg Institute of Human Rights and Humanitarian Law" mərkəzi X platforması vasitəsilə 120-dən çox anti-Azərbaycan paylaşımı edərək, bu koordinasiyalı hücumun əsas təbliğatçılarından birinə çevrilmişdir. Maraqlıdır ki, bu kampaniyanın mərkəzində duran Edelman şirkətinin keçmişi də təmiz deyil; belə ki, 2015-ci ildə qondarma erməni soyqırımı təbliğatında iştirak edən bu şirkət, vaxtilə nəhəng neft şirkətlərinin maraqlarını qorumaq üçün saxta elmi rəylər və gizli PR kampaniyaları apardığı üçün "The Guardian" nəşri tərəfindən sərt tənqid edilmişdi.
Kampaniyanın intellektual və maliyyə sütunu isə erməni əsilli milyarder Nubar Afeyandır. Afeyan və Vardanyan tərəfindən qurulan "Aurora" fondu əslində xeyriyyəçilik yox, Hollivud ulduzlarını və qlobal siyasətçiləri bu şəbəkəyə bağlayan bir lobbi alətidir. Bu şəbəkənin ABŞ-ın qərar qəbul edən mərkəzlərinə necə sızdığını fondun idarə heyətinə Çelsi Klintonun qoşulması və USAID rəhbəri Samanta Pauerin Vardanyanla olan dərin və uzunmüddətli əlaqələri aydın şəkildə sübut edir. Pauerin həm müharibə dövründə, həm də sonrakı antiterror tədbirləri zamanı Azərbaycanı hədəf alan bəyanatları, əslində bu maliyyə şəbəkəsinə olan sadiqliyinin bir göstəricisidir.
Media müstəvisində isə "The Washington Post", "The New York Times" və "Forbes" kimi nəşrlərin rəy bölmələrindən istifadə edilərək Vardanyanın keçmişini "təmizləmək" üçün sifarişli yazılar dərc olunur. Lakin Vardanyanın real portreti OCCRP tərəfindən ifşa olunan "Troika Laundromat" qalmaqalında gizlənib. Bu qlobal cinayət faktı Vardanyanın rəhbərlik etdiyi bank vasitəsilə 4,6 milyard dollar vəsaitin yuyulmasını sübut edir ki, bu da onun "təmiz iş adamı" imicini darmadağın edən ən ciddi faktdır. Sonda, "freearmenianprisoners" platforması vasitəsilə 109 ölkədən saxta dəstək illüziyası yaradılması da göstərir ki, Vardanyan şəbəkəsi Azərbaycanın suverenliyinə və beynəlxalq nüfuzuna qarşı sistemli bir transmilli müharibə aparır. Lakin Azərbaycanın öz ərazisində qanunun aliliyini bərpa etməsi sırf hüquqi və daxili məsələdir; heç bir pullu PR kampaniyası tarixi həqiqətləri və cinayət faktlarını dəyişmək gücündə deyil.
Yekun olaraq vurğulamaq lazımdır ki, Ruben Vardanyanı ədalət mühakiməsindən qaçırmaq və onun separatçı keçmişini "humanitar fədai" imici ilə ört-basdır etmək cəhdləri əslində pulla satın alınmış transmilli bir informasiya manipulyasiyasıdır. Dünyanın ən nəhəng PR agentliklərinin, nüfuzlu media qurumlarının və bəzi Qərb siyasətçilərinin bu prosesə alət edilməsi beynəlxalq müstəvidə "haqq-ədalət" anlayışının necə maliyyə maraqlarına qurban verildiyini açıq şəkildə nümayiş etdirir. Lakin bu qlobal şantaj və dezinformasiya kampaniyası nə qədər genişmiqyaslı olsa da, Azərbaycanın öz ərazisində qanunun aliliyini təmin etmək iradəsini sarsıda bilməz; çünki heç bir maliyyə resursu və ya siyasi lobbiçilik fəaliyyəti sübuta yetirilmiş cinayət faktlarını və dövlətin suveren hüquqlarını tarixin yaddaşından silmək gücündə deyildir.
Hikmət Həsənov