Bu gün

Valyuta bazarında balans dəyişir – SƏBƏBLƏR VƏ NƏTİCƏLƏR

Mərkəzi Bank tərəfindən açıqlanan 2025-ci il üzrə rəsmi statistik göstəricilər ölkədə nağd valyuta bazarında mühüm struktur dəyişikliklərinin baş verdiyini göstərir. Rəqəmlər ilk baxışdan sadəcə alış və satış balansı kimi görünə bilər. Lakin dərin təhlil göstərir ki, burada həm psixoloji, həm də makroiqtisadi tendensiyalar öz əksini tapır. Belə ki, 2025-ci ildə ABŞ dolları ilə həyata keçirilən alış əməliyyatlarının həcmi 2,09 milyard dollar olub. Bu, əvvəlki illə müqayisədə 28,6 faiz artım deməkdir. Eyni zamanda, satış əməliyyatlarının həcmi 39,6 faiz azalaraq 1,77 milyard dollara düşüb. Bu dinamika bir neçə mühüm nəticəyə işarə edir. Birincisi, əhalinin dollar yığımı meyli güclənir. Satışların kəskin azalması onu göstərir ki, vətəndaşlar dolları bazara çıxarmaqdansa, saxlamağa üstünlük verirlər. İkincisi, manata inam zəifləməyib, amma ehtiyat davranışı artır. Dollar alışının artması birbaşa devalvasiya gözləntisi anlamına gəlmir. Bu, daha çox qlobal qeyri-müəyyənlik fonunda ehtiyat portfel davranışıdır. Üçüncüsü, geosiyasi faktorların təsirindən qaynaqlanan amillərə bağlıdır. ABŞ-da siyasi kursun dəyişməsi, xüsusilə Tramp administrasiyasının yeni iqtisadi yanaşmaları və qlobal ticarət münasibətlərində mümkün dəyişikliklər dolların beynəlxalq rolunu yenidən gündəmə gətirib.

Son beş ilin dinamikasına baxdıqda dollar satışlarında azalma yalnız 2023-cü ildə qeydə alınmışdı. 2025-ci il isə alışların yüksəlişi və satışların kəskin azalması ilə seçilir. Bu, bazarda davranış modelinin dəyişdiyini göstərir. Avro ilə nağd alış əməliyyatlarında son beş ildə davamlı artım müşahidə olunur. 2021-ci ildə 68,7 milyon avro olan alış həcmi 2025-ci ildə 178,9 milyon avroya yüksəlib. Bu, Avropaya iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin genişlənməsinin göstəricisidir. Avro ilə satış əməliyyatlarında isə 2025-ci ildə azalma qeydə alınıb. Bu isə o deməkdir ki, avro həm səyahət, həm də təhsil və biznes məqsədli ehtiyat valyutaya çevrilir. Avropa bazarları ilə əlaqələrin genişlənməsi avroya tələbi artırır. Əhali avronu da uzunmüddətli saxlanılan valyuta kimi görməyə başlayır. Avrodan fərqli olaraq, ingilis funt sterlinqi üzrə 2025-ci ildə alışların cüzi artımı və satışların azalması müşahidə olunur. Bu valyuta üzrə əməliyyatların ümumi həcmi dollar və avro ilə müqayisədə xeyli aşağıdır. Bu, Böyük Britaniya ilə iqtisadi əlaqələrin spesifik sektorlarla məhdudlaşdığını göstərir. Ən yüksək alış göstəricisinin 2022-ci ildə, satışın isə 2023-cü ildə qeydə alınması həmin illərdə xarici təhsil və miqrasiya axınlarının daha aktiv olduğunu ehtimal etməyə əsas verir.

Rublla əməliyyatlarda alışların satışları xeyli üstələməsi diqqət çəkir. 2025-ci ildə 9,88 milyard alış, 2,18 milyard rubl satış həyata keçirilib. Bu göstəricilər əsasən Rusiyada çalışan azərbaycanlıların pul köçürmələri, regional ticarət əlaqələri, rublun məzənnə dəyişkənliyindən yararlanmaq istəyi ilə bağlıdır. Ən yüksək alışın 2022-ci ildə qeydə alınması həmin dövrdə Rusiya iqtisadiyyatında baş verən şok dəyişikliklərlə bağlıdır. 2024-cü ildə isə satışların pik həddə çatması bazarın spekulyativ reaksiya verdiyini göstərir.

2025-ci ilin statistikası göstərir ki, Azərbaycan vətəndaşları dollar və avro üzrə yığım meylini gücləndirir, rubl üzrə regional axınları davam etdirir, satış əməliyyatlarını ümumilikdə azaldır. Bu isə iqtisadi qeyri-müəyyənlik şəraitində formalaşan ehtiyatlı maliyyə davranışı modelini təsdiqləyir. Əgər əvvəlki illərdə bazarda daha çox aktiv mübadilə müşahidə olunurdusa, 2025-ci ildə vətəndaş davranışı daha çox “saxlama və qoruma” strategiyasına yönəlib. Bu isə həm qlobal geosiyasi dəyişikliklərin, həm də regional iqtisadi transformasiyanın təsirini əks etdirir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?