Bu gün

Üzəriklə xaricə getməyin! bəzi ölkələrdə “narkotik bitki” sayılır

Son günlər sosial şəbəkələrdə üzərlik bitkisinin (xalq arasında “üzərlik”, “qarmala”) istifadəsi və xarici ölkələrə aparılması ilə bağlı müxtəlif məlumatlar yayılır.

Təhlil.az xəbər verir ki, mövzu ətrafında yaranan suallara aydınlıq gətirən Səhiyyə Nazirliyi vətəndaşlara mühüm xəbərdarlıq edib.

Nazirliyin yaydığı məlumata görə, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Elmi ədəbiyyatda bu maddələr “harmala alkaloidləri” və ya “beta-karbolin alkaloidləri” adlanır. Həmin birləşmələr mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv maddələrdir.

Bildirilib ki, harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna daxildir. Bu maddələr beyində sinir impulslarının ötürülməsinə təsir edir, serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir və nəticədə onların konsentrasiyasını artırır.

Qeyd olunub ki, Azərbaycanda üzərliyin yandırılması (tüstüləndirilməsi) qədim ənənə kimi qəbul edilir və bu formada istifadəyə dair birbaşa qadağa mövcud deyil. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Məlumatda vurğulanıb ki, tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir sıra ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Xüsusilə Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli 135 nömrəli qərarı ilə üzərlik (qarmala) rəsmi olaraq “narkotik vasitələr olan bitkilər” siyahısına salınıb. Bu isə o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyəti yarada bilər.

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək xarici ölkələrə səfər edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərlərində daşımamağı tövsiyə edib. Bildirilib ki, bəzi ölkələrdə hətta az miqdarda aşkarlanma belə ciddi hüquqi nəticələrə səbəb ola bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?