Hikmət Hacıyev: "Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur"

Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan münaqişənin nizamlanmasının unikal hərbi-siyasi modelini irəli sürərək və postmünaqişə dövründə sülh gündəliyini başladaraq Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri də daxil olmaqla hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin də məsuliyyətə cəlb olunmasını təmin edib", - o vurğulayıb.
Onun sözlərinə görə, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən Nürnberq prosesi, keçmiş Yuqoslaviya və ya Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı kimi tribunalların və ya beynəlxalq məhkəmələrin yaradılmasını gözləyirdi:
"Lakin bugünkü ədalətsiz beynəlxalq şəraitdə hətta hüquq normalarının tətbiqi belə getdikcə daha çox siyasiləşir və ikili standartlara məruz qalır. Buna görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək öz hüquq sistemi vasitəsilə ədaləti təmin edib və bununla da beynəlxalq ictimaiyyətə nümunə olub".