Bu gün

Ramazanda suyu belə için ki, susuzluq yaranmasın!

Ramazan ayında oruc tutarkən ən çox çətinlik yaradan məsələlərdən biri susuzluqdur.

Təhlil.az xəbər verir ki, təxminən 15–16 saat ərzində su qəbul etməmək, xüsusilə düzgün qidalanmadıqda halsızlıq, baş ağrısı və hətta qanın qatılaşması kimi problemlərə səbəb ola bilər. Buna görə də iftarla imsak arasında qəbul edilən qida və maye miqdarı böyük əhəmiyyət daşıyır. Məqsəd sadəcə gün boyu dözmək deyil, eyni zamanda bunu sağlam şəkildə davam etdirə bilməkdir.

Mütəxəssislər yay aylarında iftarla imsak arasında ən azı 3 litr, qışda isə təxminən 1 litr çiy su içilməsini tövsiyə edirlər. Burada əsas məqam odur ki, bu miqdar çay, kompot və ya meyvə şirələrinə aid deyil. Əksinə, bu içkilər bədəndən suyun daha tez xaric olmasına səbəb ola bilər. Su bir dəfəyə çox miqdarda deyil, bölünərək içilməlidir. Ümumilikdə 8–10 stəkan suyu iftar və imsak arasında paylamaq daha məqsədəuyğundur. Sahurda 2–3 stəkan su kifayətdir, iftardan sonra isə hər saat 1–2 stəkan içmək bədənin su balansını qorumağa kömək edir. Birdən-birə çox su qəbul etmək isə mədəni yora və narahatlıq yarada bilər.

Sahur günün ən vacib qidalanma mərhələsidir. Bu vaxt edilən səhvlər gün ərzində daha çox susamağa səbəb olur. Yağlı, qızartma və duzlu yeməklər su ehtiyacını artırır. Həddindən artıq pendir və zeytun da eyni təsiri göstərir; 4–5 zeytun kifayətdir. Çoxlu çay və qəhvə içmək də düzgün deyil. Bir çoxları çayın susuzluğu azaltdığını düşünsə də, bu doğru deyil. Əksinə, tərkibindəki maddələr maye itkisini artıra bilər. Sahurda su tərkibi yüksək olan qidalara – xiyar, pomidor, qatıq kimi məhsullara üstünlük vermək faydalıdır. Yeməyi tələsmədən, yavaş-yavaş və ən azı yarım saata qəbul etmək də həzmi asanlaşdırır və gün ərzində daha rahat hiss etməyə kömək edir.

İftar zamanı isə uzun müddət boş qalan mədəni birdən-birə ağır yeməklərlə yükləmək olmaz. İftara şorba və ya dovğa ilə başlamaq daha məqsədəuyğundur. Bundan sonra ən azı 20–30 dəqiqə fasilə vermək mədənin uyğunlaşmasına imkan yaradır. Əks halda həm həzm problemləri, həm də tez susama halları yarana bilər. Şirniyyatlar isə susuzluğu daha da artırır. Onun əvəzinə qarpız, yemiş kimi sulu meyvələrə üstünlük vermək daha faydalıdır.

Düzgün qidalanma və planlı su qəbulu ilə Ramazan ayında susuzluq hissini xeyli azaltmaq mümkündür. Əsas məsələ suyu düzgün bölmək, duzlu və yağlı qidalardan uzaq durmaq və bədəni birdən-birə yükləməməkdir. Bu qaydalara əməl etdikdə həm gün boyu özünüzü daha yaxşı hiss edə, həm də orucu sağlam şəkildə davam etdirə bilərsiniz.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?