Bu gün

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edilib

Azərbaycanda su ehtiyatlarının idarə olunmasında yeni mərhələ başlayır. Prezidentin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.

Təhlil.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) açıqlamasına əsasən, strategiyanın əsas prioritetlərindən biri su ehtiyatlarının davamlı və effektiv idarə olunmasıdır. Bu məqsədlə tariflərin sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşları nəzərə alınmaqla diferensiallaşdırılması planlaşdırılır.

Qurumdan verilən məlumatda bildirilir ki, yeni yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının genişlənməsinə və maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edəcək.

ADSEA vurğulayıb ki, tarif siyasətinin yenilənməsi yalnız qiymət artımı və ya tənzimlənməsi kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin formalaşdırılmasıdır. Tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılması nəzərdə tutulur.

Milli Strategiyaya əsasən, diferensiallaşdırma mərhələli şəkildə həyata keçiriləcək. Bu prosesdə beynəlxalq təcrübəyə uyğun mexanizmlər tətbiq olunacaq, pilot layihələr icra ediləcək və regional qiymətləndirmələr aparılacaq.

Agentlik əlavə edib ki, Strategiyada nəzərdə tutulan hədəflərin icrası istiqamətində artıq müvafiq dövlət qurumuna rəsmi müraciət ünvanlanıb.

Beləliklə, su təhlükəsizliyinin gücləndirilməsi, maliyyə dayanıqlığının təmin edilməsi və resurslardan daha səmərəli istifadə məqsədilə tarif siyasətində yeni modelə keçid gündəmdədir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?