Azərbaycanla sülh siyasəti İrəvanda hakimiyyətin şansını artırır - ŞƏRH

Ermənistanda parlament seçkilərinə üç aydan bir qədər çox vaxt qalsa da, qanunverici orqanda təmsil olunmaq istəyən siyasi qüvvələr artıq intensiv hazırlıqlara başlayıblar. Bu kontekstdə əsas partiyalar təkcə parlamentə deyil, həm də baş nazir postuna namizədlərini müəyyənləşdirməyə girişiblər.
Seçkilərin nəticələri Ermənistanın gələcək siyasi kursunu müəyyən edəcək. Ölkənin son aylarda olduğu kimi regionda sülh şəraitində inkişafını davam etdirib-etdirməyəcəyi və ya yenidən gərginlik mənbəyinə çevriləcəyi də bu prosesdən asılı olacaq. Revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda Ermənistanın yenidən siyasi xaosa və mümkün qarşıdurmalara sürüklənməsi, Rusiyanın təsir dairəsinə qayıtması və Qərbyönlü kursdan geri çəkilməsi ehtimalı istisna edilmir. Lakin rəy sorğuları revanşist və Rusiyayönlü qüvvələrin şansının yüksək olmadığını göstərir. Həmin qüvvələr də bunu anlayaraq seçkilərə birləşmiş şəkildə getmək niyyətindədirlər.
Hakim “Vətəndaş Sazişi” Partiyası müxalifət düşərgəsində baş verən prosesləri diqqətlə izləyir. Partiyanın İdarə Heyətinin üzvü, parlament sədrinin müavini Ruben Rubinyan bildirib ki, müxalifətin planı seçkilərdə ayrı-ayrı bloklarla iştirak etmək, lakin sonradan koalisiya və ya qarşılıqlı dəstək vasitəsilə hakimiyyəti ələ keçirməkdir. Onun sözlərinə görə, ikinci prezident Robert Köçəryan, milyarder iş adamı Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Haqik Tsarukyanın rəhbərlik etdiyi qüvvələr ümumxalq seçkilərində Gümrü ssenarisini təkrarlamağa çalışacaqlar. Xatırladaq ki, müxalifət son Gümrü mer seçkilərində birləşərək hakimiyyətin namizədini məğlub etmişdi.
Bu baxımdan Köçəryana yaxın bəzi qüvvələrin “Çiçəklənən Ermənistan” Partiyasına transferi təsadüfi sayılmır. Rubinyan qeyd edir ki, kollektiv müxalifətin planı Gümrü modelini bütün ölkə üzrə tətbiq etməkdir. Eyni zamanda, Suren Surenyantsın rəhbərlik etdiyi “Demokratik Alternativ” və Andranik Tevanyanın lideri olduğu “Ana Ermənistan” Partiyası da Tsarukyanın “Ermənistana Təklif” proqramı çərçivəsində seçkilərə qatılacaqlarını açıqlayıblar.
Qeyd edək ki, Andranik Tevanyan 2021-ci ildə Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının üzvü olub. Lakin 2023-cü ildə parlament mandatından imtina edib. Onun rəhbərlik etdiyi qüvvə İrəvan Ağsaqqallar Şurası seçkilərində 12 mandat qazanıb, ötən il Gümrü və Vaqarşapat bələdiyyə seçkilərində isə hər iki şəhərdə iki mandat əldə edib. Tevanyan hazırda Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizədə Tsarukyanla əməkdaşlıq edir. Ermənistan mediası Vətən Partiyasının lideri Artur Vanetsyanın da Tsarukyanla vahid siyahı üzrə seçkilərdə iştirak edə biləcəyi barədə məlumatlar yayıb.
Müxalif düşərgədə digər mühüm fiqur “Güclü Ermənistan”ın lideri, Rusiya və Kipr vətəndaşlığı olan milyarder Samvel Karapetyandır. Hazırda ev dustaqlığında olan iş adamının komandası seçkilərdə səs çoxluğu qazanmağı və Konstitusiyanın 148-ci maddəsinə dəyişiklik etməklə Karapetyanın baş nazir postuna namizədliyini mümkün etməyi hədəfləyir. Mövcud qanunvericiliyə əsasən, o, bir neçə ölkənin vətəndaşı olduğu üçün nə baş nazir, nə də parlament üzvlüyünə namizəd ola bilər.
Robert Köçəryana bağlı qüvvələr də seçkilərdə iştirak edəcəklər. Köçəryan bildirib ki, müxalifət seçkilərə üç və ya maksimum dörd böyük blokla qatıla bilər. Üçüncü prezident Serj Sarkisyanla əlaqəli qüvvələr də ayrıca iştirak imkanını istisna etmir. Birinci prezident Levon Ter-Petrosyanın komandası isə Karapetyanın tərəfdarları ilə əməkdaşlıq edə biləcəklərini bildirir.
Hakimiyyət müxalifətin planının əməkdaşlıq yolu ilə iqtidarı ələ keçirmək olduğunu düşünür. Ruben Rubinyan vurğulayıb ki, ölkədə əldə olunan sabitlik və sülh kursu qorunmalıdır və keçmiş prezidentlərə və oliqarxlara geri dönüş imkanı verilməməlidir. Nikol Paşinyan isə 7 iyun parlament seçkilərindən sonra ölkədə siyasətdə keçmiş prezidentlərin və oliqarxların rolunun minimuma enəcəyini bəyan edib.
“Vətəndaş Sazişi” Partiyası seçkilər üçün namizəd müəyyənləşdirmənin birinci mərhələsini artıq başa çatdırıb. 932 nümayəndə 50 nəfəri seçki siyahısına daxil edib və siyahıya Nikol Paşinyan rəhbərlik edir. Seçilmiş namizədlərin mart ayında kampaniya aparması nəzərdə tutulur. Bundan sonra partiya daxilində baş nazirliyə ən layiqli namizəd müəyyən ediləcək.
Rəy sorğuları hazırda hakimiyyətin yenidən qalib gəlmək şansının yüksək olduğunu göstərir. Ötən ilin dekabrında keçirilən “Gallup” sorğusuna əsasən, Samvel Karapetyana bağlı qüvvələrə dəstək 7,5 faiz, Haqik Tsarukyanla əlaqəli qüvvələrə 4,5 faiz təşkil edir. Robert Köçəryana yaxın qüvvələrin reytinqi də ikirəqəmli deyil. Digər müxalif qüvvələrin də dəstək səviyyəsi aşağıdır.
Bu şəraitdə Paşinyan və komandasının qalib gəlmək ehtimalı daha yüksək qiymətləndirilir. Bunun əsas səbəblərindən biri hakimiyyətin Azərbaycanla münasibətlərdə sülh gündəmini irəli sürməsi və normallaşma istiqamətində addımlar atmasıdır. Ermənistan cəmiyyətində Azərbaycanla münasibətlərin normallaşmasının və iqtisadi əlaqələrin qurulmasının mümkün dividendləri barədə gözləntilər seçici davranışına təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
MTM Analitik Qrupu