Son 4 ilin ən populyar adları məlum oldu - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Ədliyyə Nazirliyinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2022–2025-ci illərdə yeni doğulan oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.
Belə ki, son dörd il ərzində 7 385 oğlan uşağına Uğur adı qoyulub. Siyahıda ikinci yerdə 6 125 adla Əli adı, üçüncü yerdə isə 5 806 adla Hüseyn adı qərarlaşıb. Eyni dövrdə 5 486 uşağa Yusif, 4 565 uşağa Raul, 3 867 uşağa Ömər, 3 566 uşağa Məhəmməd, 3 380 uşağa isə Murad adı verilib.

Aparılan təhlil zamanı məlum olub ki, qeyd olunan dövr ərzində 5 771 qız uşağına Zəhra adı qoyulub və bu ad siyahıda birinci yerdə qərarlaşıb. Həmin dövrdə 5 274 uşağa Məryəm, 5 248 uşağa isə Zeynəb adı verilib. 5 087 uşağa Aylin, 4 698 uşağa Nilay, 4 277 uşağa Ayla, 4 147 uşağa Fatimə adı qoyulub. Yeni doğulan 3998 uşağa isə Melisa adı verilib.
Beləliklə, 2022–2025-ci illər üzrə qız uşaqları üçün ən çox seçilən adlar sırasında əsasən ənənəvi və dini-mədəni köklərə malik adlarla yanaşı, müasir və beynəlxalq səslənişə malik adlar da yer alıb. Bu dinamika cəmiyyətdə ad seçimi meyillərinin həm milli-mənəvi dəyərlərə bağlılıq, həm də qlobal tendensiyalarla uzlaşma xətti üzrə formalaşdığını göstərir.

Əlavə məlumat üçün bildirək ki, son illərin statistik məlumatları göstərir ki, Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqları arasında ən populyar adlardan biridir. Bu ad xüsusilə Böyük Britaniyanın London və Mançester, Norveçin Oslo, Belçikanın Brüssel, Niderlandın Amsterdam və Haaqa, eləcə də Almaniyanın Berlin şəhərlərində yeni doğulan oğlan uşaqlarına ən çox verilən adlar sırasında yer alır.
Böyük Britaniya üzrə göstəricilər isə xüsusi diqqət çəkir. Ölkənin Milli Statistika İdarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, 2024-cü ildə İngiltərə və Uelsdə 5 721 körpəyə Məhəmməd adı verilib. Bu göstərici 2023-cü illə müqayisədə 23 faiz artım deməkdir və adın populyarlığının davamlı şəkildə yüksəldiyini göstərir.
Mütəxəssislər qeyd edirlər ki, adın geniş yayılması Avropa ölkələrində demoqrafik strukturun dəyişməsi, multikultural mühitin genişlənməsi və müsəlman icmalarının sayının artması ilə əlaqələndirilir. Eyni zamanda, Məhəmməd adı dini-mədəni ənənələrdə xüsusi yer tutduğuna görə valideynlər tərəfindən tez-tez seçilən adlar sırasında qalmaqdadır.
Beləliklə, statistik göstəricilər Məhəmməd adının yalnız ayrı-ayrı şəhərlərdə deyil, bütövlükdə bir sıra Avropa ölkələrində davamlı olaraq yüksək populyarlıq səviyyəsini qoruduğunu nümayiş etdirir.