Siyasi iradə, sistemli islahatlar və məsuliyyətli idarəetmə modeli - MƏQALƏ

İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi əsas strateji məqsəd kimi müəyyənləşdirən Azərbaycan hakimiyyəti hüququn aliliyinin təmin olunmasına, ictimai həyatın bütün sahələrində şəffaflığın və hesabatlılığın gücləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir. Bu kontekstdə korrupsiyaya və digər neqativ hallara qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Hər bir cəmiyyət üçün ciddi sosial problem sayılan korrupsiya sosial-iqtisadi inkişafı ləngidən, ədalətli idarəetməyə və vətəndaş etimadına zərbə vuran amil kimi qiymətləndirilir. Məhz bu baxımdan Prezident İlham Əliyev fəaliyyətinin ilk illərindən etibarən bu ümumbəşəri sosial bəla ilə mübarizədə qətiyyətli mövqe nümayiş etdirib. 2004-cü il 13 yanvar tarixində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun imzalanması ilə bu istiqamətdə mübarizənin hüquqi bazası formalaşdırılıb. Qanunda korrupsiya ilə mübarizənin strateji prinsipləri, korrupsiya cinayətlərinin mahiyyəti və onlara qarşı tətbiq edilən hüquqi mexanizmlər aydın şəkildə müəyyən edilib. Sənəddə qeyd olunur ki, korrupsiya vəzifəli şəxslərin öz statusundan və ya vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuz maddi və digər üstünlüklər əldə etməsi, yaxud bu üstünlüklərin onlara təklif və ya təqdim edilməsi yolu ilə ələ alınmasıdır. Bu dəqiq hüquqi təsbit mübarizənin məqsəd və çərçivəsini konkret şəkildə müəyyənləşdirir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fevralın 16-da keçirilən iclasında 2025-ci il ərzində görülmüş işlər və qarşıdakı vəzifələr müzakirə olunub. İclasda korrupsiyaya qarşı tədbirlərin əsas istiqamətləri, qanunvericiliyə edilən dəyişikliklər və onların ictimai münasibətlərə təsiri barədə məlumat verilib. Bildirilib ki, ötən il korrupsiya risklərinin idarə olunmasına dair yeni mexanizm qanunvericilikdə təsbit edilib. Bu mexanizm dövlət orqanlarında risk sahələrinin əvvəlcədən müəyyənləşdirilməsinə və aradan qaldırılmasına imkan yaradır. Eyni zamanda, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müddəaların qanunvericiliyə əlavə olunması vətəndaş fəallığını artırır və onların hüquqi müdafiəsini təmin edir.
Vətəndaşların dövlət qurumlarına müraciət imkanlarının genişləndirilməsi, ərizə və şikayətlərə operativ baxılmasının təmin edilməsi məqsədilə elektron xidmətlərin tətbiqi daha da genişləndirilib. Rəqəmsal idarəetmənin inkişafı korrupsiyaya qarşı mübarizəni səmərəli edən əsas amillərdən biridir. Dövlət xidmətlərinin elektron platformalar üzərindən təqdim olunması insan faktorunu minimuma endirir, məmur-vətəndaş təmasını azaldır və şəffaflığı artırır. Yeni rəqəmsal platformaların istifadəyə verilməsi, məlumat bazalarının inteqrasiyası və xidmət prosedurlarının sadələşdirilməsi korrupsiya risklərini əhəmiyyətli dərəcədə azaldır. Elektron hökumət mexanizmləri müraciətlərin izlənməsini və qərarların əsaslandırılmasını təmin etməklə hesabatlılığı gücləndirir.
Vətəndaş məmnunluğunu artırmaq məqsədilə yaradılmış ASAN xidmət və DOST mərkəzləri də bu prosesdə mühüm rol oynayır. Bu platformalar dövlət xidmətlərinin vahid məkanda, şəffaf və operativ şəkildə təqdim olunmasına imkan yaradıb. Mərkəzlərdə tətbiq olunan açıq mexanizmlər, növbə sistemləri və elektron nəzarət alətləri korrupsiyaya şərait yaradan halların qarşısını alır. Xidmət prosesinin standartlaşdırılması və şəffaf qaydalar əsasında təşkili vətəndaş məmnunluğunu yüksəldir və dövlət qurumlarına etimadı möhkəmləndirir.
2018-ci il 11 aprel prezident seçkilərindən sonra həyata keçirilən kadr və struktur islahatları da korrupsiyaya qarşı mübarizəyə yeni dinamika verib. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarında aparılan dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına xidmət edir. Dövlət başçısının yeni təyin olunan rəhbər şəxslər qarşısında əsas tələbi vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl olunmasıdır. Bu yanaşma idarəetmədə məsuliyyət hissini gücləndirir və neqativ hallara qarşı dözümsüzlük mühitini formalaşdırır.
Şəffaflıq meyarlarına əməl etməyən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barəsində görülən tədbirlər qanunun aliliyinin təmin edilməsinə xidmət edir. Hüquq-mühafizə orqanlarının son illərdə həyata keçirdiyi əməliyyatlar göstərir ki, korrupsiyaya qarşı mübarizə selektiv xarakter daşımır, bütün səviyyələrdə prinsipial şəkildə aparılır. Bununla cəmiyyətə aydın mesaj verilir ki, heç kim qanundan üstün deyil və qanun pozuntusuna yol verənlər məsuliyyətə cəlb olunacaqlar.
Korrupsiyaya qarşı mübarizə yalnız cəza mexanizmləri ilə məhdudlaşmır. Əsas məqsəd korrupsiyaya zəmin yaradan amillərin aradan qaldırılması, idarəetmədə şəffaf prosedurların tətbiqi və ictimai nəzarətin gücləndirilməsidir. Sosial-iqtisadi inkişafın yeni mərhələsində ictimai nəzarət, obyektiv media və vətəndaş cəmiyyəti institutlarının fəallığı xüsusi əhəmiyyət kəsb edir. Açıq məlumatlandırma və hesabatlılıq mühiti korrupsiyanın qarşısının alınmasının əsas şərtlərindən biridir.
Qeyd olunanlar göstərir ki, ölkədə neqativ hallara qarşı mübarizə güclü hüquqi baza, rəqəmsal transformasiya, kadr islahatları və ictimai iştirakçılıq prinsipləri əsasında həyata keçirilir. Davamlı siyasi iradə və kompleks yanaşma nəticəsində dövlət idarəçiliyində şəffaflıq artırılır, vətəndaş məmnunluğu yüksəlir və dayanıqlı inkişaf istiqamətində mühüm nəticələr əldə olunur.
MTM Analitik Qrupu