Bu gün

“Sülh Şurası” ideyası: yeni beynəlxalq institut, yoxsa diplomatik mesaj? - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında “Sülh Şurası ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər” deməklə faktiki olaraq yeni qlobal diplomatik platforma təşəbbüsünü gündəmə gətirib. Onun sözlərinə görə, dünya liderləri bu platformada iştirak edir, maliyyə yatırır və layihə təkcə Qəzza ilə məhdudlaşmayaraq qlobal sülh mexanizminə çevrilə bilər. Tramp eyni zamanda vurğulayıb ki, təşəbbüs BMT ilə koordinasiya şəraitində həyata keçiriləcək. Amerika Prezidentinin bu açıqlaması artıq beynəlxalq təhlükəsizlik sisteminin transformasiyası barədə strateji siqnaldır.

Bəs görəsən, mövcud sistem niyə dəyişir? Çünki İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq təhlükəsizlik arxitekturası əsasən BMT üzərində qurulub. Lakin son onilliklərdə bu model ciddi problemlərlə üzləşib. Əvvala Təhlükəsizlik Şurasında daimi üzvlərin veto hüququ münaqişələrin həllini bloklayır. Ukrayna, Qəzza, Suriya kimi münaqişələrdə qərarların qəbul edilməməsi BMT-nin effektivliyini sual altına salıb. Digər tərəfdən münaqişələr artıq regional çərçivədə qalmır, enerji, miqrasiya və iqtisadi böhranlara çevrilir. Çin, Hindistan, Körfəz ölkələri və regional güclər qərar qəbulunda daha çox rol almağa çalışır, amma mövcud sistem onları tam təmsil etmir. Bu fonda “Sülh Şurası” təşəbbüsü alternativ və ya paralel təhlükəsizlik mexanizmi kimi görünür.

Trampın açıqlamasından çıxan mümkün model BMT-dən fərqli olaraq bürokratik deyil, daha çevik və siyasi qərarvermə mərkəzini ehtiva edir. “Çoxlu pul yatırılır” ifadəsi göstərir ki, bu struktur yalnız siyasi deyil, iqtisadi alətə də sahib olacaq. Bu isə onu həm diplomatik, həm də rekonstruksiya fonduna çevirir. Qəzza nümunəsi gələcəkdə dağıdılmış regionların beynəlxalq konsorsium tərəfindən idarə olunması ideyasını da ortaya çıxarır. Bu çərçivədə Trampın “BMT-nin böyük potensialı var, amma tam istifadə olunmur” fikri əslində özündə iki mesajı cəmləşdirir. Birincisi, BMT zəifdir, ikincisi isə ABŞ yeni mexanizm qurur, amma legitimlik üçün BMT-ni yanında saxlayır. Bu, beynəlxalq siyasətdə yeni tendensiyadır, yəni institutlar ləğv edilmir, amma onlar kölgədə qoyulur. Xatırladaq ki, belə model əvvəllər də tətbiq olunub. Məsələn, NATO əməliyyatları bəzən BMT mandatı olmadan aparılıb, regional koalisiyalar beynəlxalq hüququ faktiki olaraq əvəz edib. “Sülh Şurası” isə həmin strategiyanın qlobal versiyası ola bilər.

Qəzza hazırda üç səbəbə görə ideal test zonasına çevrilib. Çünki burada humanitar böhran dərindir. Bu baxımdan burada legitimlik qazanmaq da asandır. Digər tərəfdən burada regional və qlobal güclərin maraqları toqquşur və hələ ki, Qəzzada müharibədən sonrakı idarəetmə modeli yoxdur. Əgər yeni struktur Qəzzada idarəetmə və bərpa prosesini üzərinə götürərsə, bu, gələcəkdə digər münaqişələr üçün presedent yaradacaq. Ona görə də “Sülh Şurası” ideyası əslində qarşıdakı dövrdə böyük dəyişikliklərin göstəricisi sayıla bilər. Belə ki, yaxın gələcəkdə klassik diplomatiyaya son qoyula, uzun danışıqlar yerini liderlər platformasına verə bilər. Digər tərəfdən sülh artıq yalnız hüquqi deyil, maliyyə və investisiya layihəsinə çevrilir. Ən əsası isə BMT qalır, amma qərar verən mərkəz olmur. Bu isə İkinci Dünya müharibəsindən sonra qurulan beynəlxalq sistemin ən ciddi transformasiyası olacaq.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?