Elektron siqaretlərə görə 5000 manatadək cəza

Azərbaycanda elektron siqaretlərin istifadəsi və dövriyyəsi ilə bağlı cərimələr müəyyənləşdirilir.
Təhlil.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaret istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə mallar müsadirə olunacaq.
Bu halda fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi təsdiqlənərsə, dəyişikliklər 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.